İlyas Babayev

Tarix elmləri doktoru, professor

Məlum olduğu kimi, tarixi problemləri öyrənmək üçün yazılı qaynaqların əhəmiyyəti çox böyükdür. Lakin insan cəmiyyətinin yaşı üç milyon ilə yaxın olduğu halda ən qədim yazılı abidələr yalnız təxminən beş min il bundan əvvəl meydana gəlmişdir. Bu ən qədim yazılı abidələr də Mesopotamiya və Misirə aiddirlər. Başqa ölkələrdə isə yazıdan çox sonralar istifadə etmişlər. Ona görə də yazılı qaynaqlar əsasında tarixin yalnız qısa dövrünü öyrənmək mümkündür. Tarixi milyon illərlə ölçülən dövrü isə ancaq Arxeoloji qazıntılar nəticəsində aşkar edilən maddi mənbələr əsasında öyrənirlər.
Bundan əlavə ilk yazılı qaynaqlarda tarix haqqında məlumatlar əhatəli olmadığından və bəzən təzadlı olduğundan onların əsasında tarixi prosesi ətraflı şərh etmək mümkün olmur. Təsadüfi deyildir ki, hətta yazıdan geniş istifadə olunan Qədim Yunanıstan və Romanın tarixini öyrənərkən yazılı qaynaqlarla yanaşı Arxeoloji materiallardan da geniş istifadə olunur.
Nəticədə Arxeoloji materiallar qiymətli mənbə kimi bəşər tarixinin ta qədim zamanlardan başlayaraq son orta əsrlərə qədərki dövrünü öyrənərkən cəlb edilirlər. Qafqazda, o cümlədən Azərbaycanda aparılan Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, bu ərazidə insanlar çox qədim zamanlardan məskunlaşmışlar. Azərbaycanda insan fəaliyyəti ilə əlaqədar bəzi abidələrin yaşı bir milyon ildən çoxdur.
Tədqiqatlar göstərir ki, Azərbaycan ərazisində ən qədim daş dövründən başlayaraq bütün tarixi dövrlərə aid müxtəlif tipli Arxeoloji abidələr vardır. Bu abidələrin tədqiqi təkcə Azərbaycan tarixi üçün deyil, bütün Qafqazın və hətta dünya tarixinin bir sıra qlobal problemlərini öyrənmək üçün əhəmiyyət kəsb edir.
Azərbaycanda yerləşən Arxeoloji abidələrin tədqiqinə hələ XIX əsrin ortalarından maraq göstərilsə də, uzun müddət bu abidələrin tədqiqi ilə həvəskarlar, və özüdə təsadüfi hallarda məşğul olmuşlar. XX əsrin 20-ci illərindən isə Azərbaycanın Arxeoloji abidələrinin məqsədyönlü tədqiqi başlanılmışdır. Respublikamızda Arxeoloji tədqiqatlar tədricən genişlənmişdir.
XX əsrin 20-ci illərindən 50-ci illərin ortalarına qədər Azərbaycan ərazisində Arxeoloji tədqiqat işləri ilə əsasən Azərbaycan tarixi muzeyi məşğul olmuşdur. Azərbaycan tarixi muzeyi respublikamızın bır sıra rayonlarına ekspedisiyalar təşkil etmiş və aşkar olunan Arxeoloji tapıntılar muzeyin ekspozisiyasında nümayiş etdirilmişdir.
XX əsrin 50-ci illərinin ortalarından başlayaraq respublikamızın ərazisində Arxeoloji qazıntılarla, əsasən, Azərbaycan EA Tarix İnstitutu məşğul olmuşdur. Həmin dövrdən başlayaraq respublikada arxeoloq kadrların hazırlanmasına da xüsusi fikir verilərək aspirantura xətti ilə Moskva və Leninqrad (Sankt-Peterburq) şəhərlərində görkəmli rus alimlərinin rəhbərliyi ilə yüksək ixtisaslı arxeoloqlar yetişdirilmişdir.
Arxeoloqlarımız daş, eneolit, tunc, ilk dəmir dövrü, antik və orta əsrlər dövrlərinə aid çoxlu yaşayış məskənləri, qəbir abidələri, qədim şəhər qalıqları aşkar edərək öyrənmişlər. Onlar müxtəlif dövrlərə aid Arxeoloji abidələrin tədqiqinə həsr olunan bir sıra monoqrafiyalar, yüzlərlə elmi məqalələr nəşr etdirmişlər. Azərbaycan arxeoloqları çoxlu beynəlxalq elmi simpoziumlarda maraqlı məruzələrlə çıxış etmişlər.

Lakin 1990-cı ildən sonra keşmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda baş verən əsaslı ictimai, iqtisadi və siyasi dəyişikliklər elmin inkişafına güclü təsir göstərmişdir. Bu təsir elmin bütün sahələri kimi Arxeologiya sahəsində də hiss olunur. Əvvəllər Respublikanın müxtəlif rayonlarında onlarla Arxeoloji ekspedisiyalar fəaliyyət göstərdiyi halda indi bu fəaliyyət hədsiz dərəcədə zəifləmişdir. Əmək haqqının azlığından yüksək ixtisaslı arxeoloqlarımız ailələrinin minimum maddi təminatı üçün əsl elmi tədqiqatdan uzaqlaşaraq müxtəlif işlərlə məşğul olurlar.
Son illərdə bir sıra görkəmli arxeoloq-alimlərimiz dünyasını dəyişmişdir. Cavanlar isə elmə az həvəs göstərirlər. Yüksək ixtisaslı gənc arxeoloq kadrlarını yetişdirmək üçün şərait yoxdur. Arxeoloji ekspedisiyalar demək olar fəaliyyət göstərmir. Respublikada arxeologiya elmini canlandırmaq üçün imkanlar axtarmaq zəruridir. Hazırda respublikada belə imkanlar yaranır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Tarix muzeyi yeni imkanlardan səmərəli istifadə etmək üçün səylərini artırırlar. Belə imkanlardan biri böyük tikintilər aparılan sahələrdə qanunla müəyyən olunan qaydada Arxeoloji tədqiqatlar üçün ayrılan maliyyə vəsaitindən məqsədyönlü istifadə etməkdir. Məlum olduğu kimi, respublikamızın ərazisindən dünya əhəmiyyətli neft-qaz kəmərləri çəkilir. Respublikanın bütün ərazisindən keçən bu kəmərin tikintisi üçün çox böyük maliyyə vəsaiti ayrılmışdır.
Artıq onların tikintisi ilə məşğul olan təşkilatlar Arxeoloji tədqiqatlar üçün də müəyyən məbləğdə vəsait ayırmışlar. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru A.A.Abbasovun verdiyi məlumata görə, cari ildə bu vəsait hesabına bir-neçə Arxeoloji ekspedisiya fəaliyyət göstərəcəkdir.
Digər imkan Böyük İpək yolu proqramı ilə əlaqədar Nəqliyyat yollarının tikintisi ola bilər. Arxeologiya və Etnoqrafiya İnstitutu bu sahədə də müəyyən işlər görmüşdür. Bu proqramla, beynəlxalq və respublika daxili turizmlə əlaqədar vəsait əldə etmək imkanları üzrə də ciddi səylər göstərmək lazımdır.
Məlum olduğu kimi, turizm, xüsusilə beynəlxalq turizm dövlət infrastrukturunda ən gəlirli sahələrdən biridir. Beynəlxalq turizm iqtisadiyyatın, mədəniyyətin, elmin inkişafına güclü təsir göstərir. Beynəlxalq turizm sayəsində xalqlar bir-birinin bütün sahələrdə nailiyyətləri ilə tanış olur, bir-birinin hərtərəfli inkişafına müsbət təsir göstərirlər. Hesablamalar göstərir ki, bir xarici turist orta hesabla altı-yeddi iş yerinin açlmasına imkan yaradır. Azərbaycanın Böyük İpək yolunun üzərində yerləşməsi və bu yolun reanimasiyasında xüsusi rolu, təbii-coğrafi zənginlikləri, müalicə əhəmiyyəti, bu ərazidə Qədim daş dövründən başlayaraq bu günə kimi milyon illərlə ölçülən böyük bir dövrün bütün mərhələlərinə aid çoxlu abidələrin olması respublikamızda daxili və beynəlxalq turizmin inkişafı üçün misilsiz imkanlar yarada bilər. Bu sahə respublikada ciddi öyrənilməlidir. Bizim Tarix Muzeyinin nəzdində xüsusi turizm mərkəzi yaratmaq imkanı öyrənilməlidir. Bu mərkəz respublikada fəaliyyət göstərən çoxlu turizm agentlikləri üçün ekskursovod kursları aça bilər, mütəxəssisləri cəlb etməklə müasir tələblərə cavab verən, yaxşı illüstrasiyalarla, marşrut xəritələri ilə təchiz olunan Azərbaycanın bölgələri üzrə bələdçi kitablar, xalqımızın mədəniyyəti ilə əlaqədar suvenirlər hazırlanması və onların satışını təşkil edə bilər. Turizmdən gələn gəlirin müəyyən hissəsini elmin inkişafına, o cümlədən Arxeoloji tədqiqatlara sərf etmək olar.
İndiki dövrdə Azərbaycanda arxeologiyanı canlandırmaq, çoxminlik tariximizi və mədəniyyətimizi dünyaya tanıtmaq üçün başlıca imkanlardan biri beynəlxalq Arxeoloji ekspedisiyaların yaradılmasıdır. Qədim şərq ölkələrinin və antik dünya abidələrinin öyrənilməsi sahəsində beynəlxalq Arxeoloji ekspedisiyaların fəaliyyəti nəticəsində misilsiz elmi nailiyyətlər əldə edilmişdir. Hazırda qonşu ölkələrdə, o cümlədən Gürcüstan, Dağıstan və xüsusilə Türkiyədə belə ekspedisiyalar fəaliyyət göstərir. Gürcüstanda Qumbatı adlı abidədə 1994-cü ildən Gürcüstanla Almaniyanın birgə Arxeoloji ekspedisiyası tədqiqat işləri aparır. E.ə. I minilliyin ortalarına aid olan bu abidədə aparılan qazıntıların nəticələri haqqında Berlin və Macnda artıq bir sıra əsərlər nəşr olunmuşdur. Gürcüstanda qazıntı işləri aparan Almaniya arxeoloqları (Hall, Tubinqen və Münster Universitetlərinin əməkdaşları) Azərbaycanın da həmdövr abidələri ilə maraqlanırlar. Bununla əlaqədar olaraq Almaniya arxeoloqları 2001-ci ilin mart ayında Azərbaycana gəlmiş, onları maraqlandıran abidələrlə tanış olmuşlar. Biz (t.e.d. İ.Nərimanov və mən) onlarla Şəmkirə gedərək, orada Qaracəmilli kəndi ərazisindəki Əhəmənilər dövrü abidələrinə baxmışıq. Alman arxeoloqları Almaniyada maliyyə vəsaiti əldə edə bilsələr, bizimlə birlikdə Azərbaycanda da Arxeoloji qazıntılar aparmaq arzusunda olduqlarını bildirdilər.
Bütün ölkələr öz ərazilərində beynəlxalq Arxeoloji ekspedisiyaların işləməsinə maraq göstərirlər. Mən, 1999-cu ildə Danimarkanın Afina şəhərindəki elmi-tədqiqat İnstitutunun dəvəti ilə Afina şəhərində keçirilən elmi simpoziumda iştirak edərkən öyrəndim ki, dünyanın əksər inkişaf etmiş ölkələrinin Afinada qədim Yunanıstan mədəniyyətini öyrənməklə məşğul olan elmi-tədqiqat institutları vardır. Bu institutların orada hətta ayrıca kitabxanaları fəaliyyət göstərir. Bəzi qonşu ölkələr kitabxanalarını birləşdiriblər. Məsələn, İsveç, Norveç, Finlandiya və Danimarkanın birgə açdıqları kitabxana «Şimal kitabxanası» adlanır və onun 40 minə yaxın cilddən ibarət zəngin kitab fondu vardır. Kitabxana internet vasitələrindən istifadə edir. Mən də o kitabxanaya öz kitablarımı və Azərbaycanda nəşr olunan bəzi jurnalları hədiyyə verdim. Simpoziumun iclasları İtaliyanın Afinadakı İnstitutunun zalında keçirilirdi. İmkandan istifadə edərək orada müxtəlif ölkələrin alimləri ilə əlqaə yaradaraq Azərbaycanda birgə Arxeoloji tədqiqatlar aparmağın mümkünlüyü haqqında söhbətlər apardım.
2001-ci ilin may ayının 27-dən iyun ayının 6-a qədər ABŞ Kaliforniya Universitetinin dəvəti ilə biz (Tarix muzeyinin direktoru, t.e.d. Nailə Vəlixanlı, t.e.d. Vəli Əliyev və mən) qardaş Türkiyənin Ankara şəhərində Türkiyənin Arxeoloji tədqiqatlarına həsr olunan simpoziumda və Böyük İpək yolu proqramı üzrə tədqiqatlarla əlaqədar birinci beynəlxalq brifinqdə iştirak edərkən öyrəndim ki, hazırda Türkiyə ərazisində 300-ə qədər böyük Arxeoloji ekspedisiya tədqiqat işləri aparır. Onların 80-i beynəlxalq ekspedisiyalardır. Ölkə çalışır ki, sonuncuların sayı getdikcə artsın. Belə hallarda bir qayda olaraq ekspedisiyaların bütün maliyyə xərcləri, o cümlədən nəşriyyat xərcləri xarici qrantlar əsasında ödənilir, qazıntılar zamanı aşkar edilən tapıntılar ölkədə qalır.
Azərbaycanın çoxsaylı Arxeoloji abidələri son vaxtlarda bir sıra ölkələrin tədqiqatçılarının diqqətini cəlb edir. 2001-ci ildə yuxanda qeyd olunan Almaniya arxeoloqlarından başqa bir sıra digər ölkələrin tədqiqatçıları Azərbaycana gələrək bizim Arxeoloji abidələrimizlə tanış olmuşlar. Məsələn, Britaniya Muzeyinin əməkdaşı Con Simson, Qahirədə Amerika Universitetinin İslam incəsənəti üzrə professoru Bernard Okeyn Azərbaycanda olmuş bizim muzeylərimizlə, mənim müşayətimlə Azərbaycanın bir sıra rayonlarında olan abidələrlə tanış olmuşlar.
2001-ci ilin sentyabr ayında Amerikada Kaliforniya Universitetinin San Dieqo şəhərindəki Qlobal konflikiər və əməkdaşlıq institutunun əməkdaşları Cenifer Pournelin başçılığı ilə Azərbaycanda olaraq bizim muzeylərimizlə bir sıra abidələrimizlə (Xəzər sahilində Bəndovan, Qobustan, Gəncə və Şəmkirdə olan abidələrimizlə) tanış olmuşlar. Onlar 2002-ci ildə Azərbaycanda Arxeoloji tədqiqatlar aparmış, Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi- informasiya mərkəzi üçün müasir texniki avadanlıq gətirməyi nəzərdə tuturlar. Bu proqramla əlaqədar institutumuzda kompüterlərin göndərilməsinə başlanılmışdır. Apardığımız danışıqlara əsasən Pensilvaniya Universiteti bizim bəzi əsərlərimizi ingilis dilinə tərcümə edib nəşr etməyə razılıq vermişdir.
2001-ci ildə Türkiyə, Avstraliya və başqa ölkələrin də arxeoloqları Azərbaycana gəlmiş və burada Arxeoloji tədqiqatlar aparmaq imkanları ilə maraqlanmışlar.
Bütün deyilənlərə əsasən ümid etmək olar ki, 2002-ci il Azərbaycanda arxeologiya elminin inkişafında yeni dönüş ili olacaqdır. Bu dönüş əhəmiyyətli dərəcədə bizim tədqiqat proqramını düzgün qura bilməyimizdən asılı olacaqdır.

Mənbə: Azərbaycanşünaslar Müstəqil Birliyinin 10- illiyinə həsr olunmuş Azərbaycanşünasların beynəlxalq ElmiNəzəri Yubiley Konfransı (Bakı, 24-25 yanvar 2002) Məruzələr Məcmuəsi, Bakı-2004

 

Leave a Reply