İlyas Atababa oğlu Babayev 23 mart 1935-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Xanəgah kəndində anadan olmuşdur.

1941-1948-ci illər – Xanəgah kənd 7 illik məktəbinin şagirdi olmuşdur.

1949-1952-ci illər – Quba rayonunun Rustov kənd orta məktəbində orta təhsilini başa çatdırmışdır.

1953-1958-ci illər – S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hal-hazırda Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.

1958-ci il, 1 oktyabr – Azərbaycan SSR EA Tarix İnstitutunun Arxeologiya şöbəsinə kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür.

1959-cu il, aprel – Yeni yaradılan Qəbələ arxeoloji ekspedisiyasının iştirakçısı kimi Qədim Qəbələ şəhər yerində arxeoloji qazıntılara başlamışdır.

1959-1990-cı illər – Qəbələ arxeoloji ekspedisiyasının təşkilatçılarından və iştirakçılarından biri olmuşdur.

1961-ci il, 31 dekabr –1964-cü il, 31 dekabr – SSRİ EA Arxeologiya İnstitutunun Leninqrad bölməsində aspiranturada təhsil almışdır.

1965-ci il, 1 yavnar – 15 may – Azərbaycan SSR EA Tarix İnstitutunun Arxeologiya şöbəsinin baş laborantı olmuşdur.

1965-ci il, 15 may – 1970-ci il, 28 may – Azərbaycan SSR EA Tarix İnstitutunun Arxeologiya şöbəsinin kiçik elmi işçısi olmuşdur.

1965-ci il, 28 iyun – “Azərbaycanın antik və ilk orta əsrlər dövrü qliptika abidələri (Qədim Azərbaycanda qliptika tarixinin oçerkləri)” mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

1970-ci il, 29 may – 1987-ci il, 1 aprel  – Azərbaycan SSR EA Tarix İnstitutunun baş elmi işçisi olmuşdur.

1983-cü il, 18 mart – Moskva şəhərində (Rusiya) SSRİ EA Arxeologiya İnstitutunun Elmi Şurasında tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Qafqaz Albaniyasının şəhərləri e.ə.IV-b.e. III əsrlərində” mövzusunda doktorluq dissertasiyası  müdafiə etmişdir.

1987-ci il, 1 aprel tarixindən vəfatınadək – Azərbaycan SSR EA Tarix İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri seçilmişdir.

1992-ci il, 1 oktyabr – 2001-ci il, 1 dekabr – Arxeologiya və Etnoqrafiya İnstitutunda yarımştat şöbə müdürü və özəl Azərbaycan Universitetində “Tarix və ictimai fənnlər” kafedrasının müdürü olmuşdur.

1997-ci ildən vəfatınadək – Bakı Dövlət Universitetinin nəşr etdiyi “Tarix və onun problemləri” jurnalının Redaksiya Şurasının üzvü olub.

1998-ci il- 2006-cı il, dekabr – Azərbaycan Tarix Muzeyinin yarımştat aparıcı elmi işçisi olmuşdur.

2001-ci il, 1 dekabr – 2002-ci il,  sentyabr – Özəl Azərbaycan Universitetinin professoru (tam ştat) olmuşdur.

2001-2010-cu illər – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında tarix ixtisası üzrə Ekspert Şurasının üzvü olmuşdur

2002-ci il, 1 sentyabr tarixindən –vəfatınadək – Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun tam ştatda “Antik dövr arxeologiyası” şöbəsinin müdürü vəzifəsində çalışmışdır.

2005-ci ildən vəfatınadək – Hazırda Koreya arxeoloqları ilə birlikdə beynəlxalq tərkibdə fəaliyyət göstərən Qəbələ arxeoloji ekspedisiyasına  rəhbərlik etmişdir.

2006-cı ildən vəfatınadək – Beynəlxalq Azərbaycan-Almaniya Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir.

2006-2007-ci illər – “Azərbaycan arxeologiyası” jurnalının Redaksiya Şurasının üzvü seçilmişdir.

2007-ci il, 26 aprel – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

2007-2009-cu illər – Macarıstanın Budapeşt şəhərində keçirilən beynəlxalq elmi konfranslarda iştirak edərək Azərbaycanın qədim tarixi və arxeoloji abidələri haqqında məruzələr etmişdir.

2008-ci ildən vəfatınadək – “Azərbaycan Ensiklopediyası”nın Redaksiya Heyətinin üzvü seçilmişdir.

2008-2009-cu illər – Belçikada yerləşən İNTAS beynəlxalq təşkilatının tədqiqatlara qrantlar verilməsi üzrə qiymətləndirmə eksperti olmuşdur.

2010-cu ildən vəfatınadək – Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası) jurnalının Redaksiya Şurasının üzvü olmuşdur.

2010-cu il, oktyabr – Koreya Respublikasında elmi-işgüzar səfərdə olmuş, Seul Milli Universitetində Humanitar fakültənin professor-müəllim heyəti üçün “Azərbaycanın antik və ilk orta əsrlər dövründə beynəlxalq ticarət əlaqələri” mövzusunda məruzə etmişdir.

2011-ci ildən vəfatınadək – Milli Azərbaycan Tarixi Muzeyinin “Elmi Əsərlər”i məcmuəsinin Redaksiya Heyətinin üzvü olmuşdur.

2011-2012-ci illər – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommissiyasında Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının sədri olmuşdur.

2013-cü ildən vəfatınadək – Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda “Dissertasiyaların müdafiə şurası”nın üzvü olmuşdur.

2013-cü il, 24-28 iyun – İtaliyaya elmi-işgüzar səfər etmişdir. (Milan, Piza, Florensiya)

2013-cü il, 26 sentyabr – 25 oktyabr – Koreyaya elmi-işgüzar səfər etmişdir. Konfarnsda məruzə etmişdir.

2013-2016-cı illər – “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı”nın (2013-2016-cı illər) iştirakçısı olmuşdur.

2014-cü il,  9 aprel  – AMEA Rəyasət Heyətinin qərarı ilə Elmi-tədqiqat proqramlarının qiymətləndirilməsi üzrə Ekspert Komissiyasının üzvü seçilmişdir.

2014-cü il, 14 noyabr tarixindən vəfatınadək – Respublika Elmi tədqiqatların təşkili və əlaqələndirməsi Şurasında tarix üzrə Problem Şuranın üzvü olmuşdur.

2015-ci il, 20 may – Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin büro üzvü seçilmişdir.

2015-ci il, dekabr – Rusiya (Moskva ş.) Elmlər Akademiyası Arxeologiya İnstitutunun nəşr etdiyi “Tarix, Filologiya, Mədəniyyətin problemləri” Redaksiya Şurasının üzvü (rus dilində) olmuşdur

27 dekabr 2017- ci ildə Bakıda vəfat etmişdir.