(Böyük ehtiramla andığım, ölüm xəbərindən sarsıldığım mərhum arxeoloq alim, professor İlyas Babayevin ruhuna ithaf olunur)

 

 

 

Professor İlyas Babayevlə şəxsi tanışlığım 2008-ci ildən başlayıb. Qəbələdə aparılan qazıntılara rəhbərlik etdiyini bilirdim. Müəllifi olduğum Qəbələnin tarixi və müasir görkəmi ilə bağlı “Azərbaycanın İsveçrəsi” adlı kitabda arxeoloji qazıntıların nəticələrinə də toxunmuşdum. Həmin kitabı İlyas müəllimə təqdim etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasına, onun şöbə müdiri olduğu Arxeologiya və Etnoqrafiya institutuna getdim. Özümü təqdim edib Qəbələ haqında kitab yazdığımı dedim və ona hədiyyə etmək istədiyimi bildirdim. Alim məni çox səmimi qarşıladı və ilk  söhbətimizdən ona qarşı xüsusi rəğbətim yarandı. Başa düşdüm ki, İlyas müəllim haqqında həmkarları məhz onun insani keyfiyyətlərinə görə həmişə yüksək fikirdə olublarmış. Hələ onunla görüşməzdən əvvəl baş redaktorum,  Azərbaycan Radiosunun “Xəbərlər”  redaksiyasının müdiri, mərhum jurnalist Heydər Zeynaloğludan da İlyas müəllimin alicənablığı, sadəliyi haqqında gözəl fikirlər eşitmişdim. Onu yaxından tanıyanda və səmimi ünsiyyətimizdən sonra qəti əmin oldum ki, İlyas Babayev elmi nailiyyətləri ilə yanaşı həm də özünəməxsus şəxsi keyfiyyətləri ilə insanlığın ən ali zirvəsinə yüksəlib, həmkarları arasında seçilən şəxslərdən biri kimi daima hörmət qazanıb. Rəhbərlik etdiyi şöbənin hər üzvü ilə dil tapmağı bacaran, nəinki akademiya sistemində, elm aləmində olan həmkar yoldaşları, aspirantları ilə, eyni zamanda qazıntı zamanı araşdırma apardığı ərazidə çaslışan adı fəhlələrlə, kənd sakinləri ilə çox nəzakətlə davranan bir insan olub

Belə maraqlı bir insanla tanışlıqdan təbii ki, məmnun qaldım və jurnalist marağı üstün gəldiyndən İlyas müəllimlə əməkdaşlıq etməyə başladım. Sanki onu Azərbaycan radiosu üçün tapıntı olduğunu düşünürdüm. Çünki o “yer qazırdı” və “tarix yazırdı”. Nələri tapırdı, tapıntıları nə deyirdi, hansı dövrlərdən xəbər verirdi, bizim keçmişimiz hardan başlayıb, hansı qərinələri adlamışdı. Bir sözlə alimə veriləcək xeyli suallarım var idi. Ona görə də ondan radio üçün müsahibə almaq istədiyimi bildirdim və növbəti görüş vaxtını müəyyən etdik. Cəmi bir iki gündən sonra vədələşdiyimiz vaxtda mən onun otağına daxil oldum…

Mənim ona bağışladığım kitabı axıracan oxumuşdu və etnoqrafiya ilə bağlı yazılarıma görə fikirlərini bildirdi. “Sən bu mövzuda müdafiə edə bilərsən” deyib məndə elmə maraq yaratdı. “Xeyli zəhmət çəkmisən, araşdırma aparmısan, elə bu istiqamətdə bir iş götür və müdafiə elə…”  “Mən axı tarixçi deyiləm, ixtisasca jurnalistəm” deyib mənə çətin olacağını düşündüm. İlyas  müəllim araşdırma aparmaq qabiliyyətimi yüksək qiymətləndirdi və çətinlik çəkərəmsə hər zaman böyük bir qardaş kimi kömək edəcəyini söylədi. O məni institutda “Müasir dövr etnoqrafiyası” bölməsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru  Emil Kərimovla tanış edərək mənə istiqamət verməyi  xahiş etdi. Emil müəllim də çox məhsuldar alim idi və mətbuatda etnoqrafiya mövzusunda  tədqiqatların genişləndirilməsi ilə bağlı tövsiyələrini əks etdirən geniş yazısına rast gəlmişdim.  O mənə təxminən 20- yə yaxın problematik mövzu haqqında məlumat verdi və Qəbələ rayonu ilə bağlı işlənməsi aktual olan məsələlərdən danışdı…Bundan əlavə İlyas müəllim məni öz alim yoldaşlarına, institutun həmkarlar təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərova, tarixçi alim Tahir Şahbazova istedadlı bir jurnalist kimi təqdim etdi. Akademik Teymur Bünyadova (T. Bünyadov həm də Qəbələdə etnoqrafiya üzrə tədqiqatların aparılması üçün SEBA təşkilatı tərəfindən yaradılan qrupa ekspedisya rəhbəri təyin edilmişdir. Ş.M) Qəbələdən oldğumu söylədi, mənim də alimlərin dəstəsinə qoşulmağımı məsləhət bildi. “Azərbaycanın İsveçrəsi” kitabında bununla bağlı kifayət qədər material topladığımı diqqətə çatdırdı. Bu mənim üçün çox böyük qürur, adi bir jurnalist üçün göstərilən olduqca böyük etimad idi. İlyas müəllimdən, onun həmkar dostlarından eşitdiyim xoş sözlər sanki məndə özünə inam hissi yaradır və məsuliyyətimi daha da artırırdı. Ciddi cəhdlə tədqiqatçı olmaq istəyim günü-gündən şölələnirdi.

Ancaq mən Arxeologiya və Etnoqrafiya istitutundan elmi iş götürə bilmədim. Həmin il elmi müəssisənin rəhbərliyi başqa ixtisas sahiblərinin institutdan elmi mövzu araşdırmalarına  qadağa qoydu. İlyas müəllim məni Milli Tarix Muzeyinə yönəltdi. Hətta özü məni akademik Nailə Vəlixanlının rəhbəri olduğu muzeyə aparıb alim xanıma haqqımda geniş məlumat verdi. Nailə xanım isə bir ildən sonra müraciət etməyimi bildirdi.

Heç unuda bilmədiyim bir məqamdır.  Belə böyük bir alim, professor adi bir insana kömək etmək üçün onunla avtobusa minib, qədim şəhərin küçələri ilə addımlayır və direktorun qəbulunda əyləşib, qızıldan qiymətli vaxtını beləcə itirir. Mən təkidlə “gəlin taksi ilə gedək” deyəndə, cavabında “niyə ki, ehtiyac yoxdur, avtobusla rahat gedəcəyik” deyib tamamilə gözləmədiyim sadəlik, insani münasibət, heç kəsdən görmədiyim üçün alışmadığım bir jest nümayiş etdirir.

Biz Tarix Muzeyinə çatanda nahar fasiləsinə düşmüşdük. Ona görə də İlyas müəllim Nailə xanıma xəbər verməyə tələsməyərək oturub fasilə vaxtının bitməsini gözləmək qərarına gəldi. Ancaq əməkdaşlardan biri təxminən 15 dəqiqədən sonra yanımızdan ötəndə İlyas müəllimi tanıyaraq tez direktora xəbər verdi. Nailə xanım öz yaxın dostunun qapıda dayanmasından narahat olduğunu bildirdi və  çox səmimi görüşdülər. Onların arasında illərin dostluğu olduğunun fərqinə vardım. Hətta onun ömür-gün yoldaşı, tarix uzrə fəlsəfə doktoru  Tofiq Babayevlə də bir müddət öncə məni tanış etmiş, yazdığım kitabları tərifləmişdi.

İlyas müəllim çox cəhd etsə də məni etnoqraf görmək istəyi alınmadı. Ancaq onun yaradıcılığımla bağlı söylədiyi xoş sözlər məndə   ruh yüksəkliyi yaratdı. Alim olmaq arzumu gerçəkləşdirdi. Özünəinam oyatdı. 20- ildən artıq çalışdığım Azərbaycan radiosunda öz ixtisasım üzrə elmi iş yazmaq qərarına gəldim və BDU-nun jurnalistika fakülətinin doktoranturası üçün keçirilən qəbul imtahanında iştirak etdim. Elmi mövzum təsdiqləndi və bir neçə elmi jurnallarda yazılarım çap olundu. Mən bu gözəl xəbəri ona söyləmək üçün yanına tələsdim.

Həmin günü də çox gözəl xatırlayıram. Mərhum professor Qara Əhmədovun qızı, tarix üzrə fəlsəfə doktoru Təranə Əhmədova ilə otağında söhbət edirdi. Bizi yaxından tanış edəndən sonra Qara müəllimi də xatırlayaraq, ruhunu böyük ehtiramla andı. Mən elmi fəaliyyətə başlamağımla bağlı xəbəri ona deyəndə,  sevincimi bu gözəl niyyətli insanla bölüşəndə həddindən çox  sevindiyinin şahidi oldum. Yenə də nə lazım olsa ona müraciət etməyimi söylədi. Hər zaman dəstək göstərməyə hazır olduğunu bildirdi. “Hörmətli İlyas müəllim, mənim hər zaman sizin məsləhətinizə, dəstəyinizə ehtiyacım var..” deyə ona elmə gəlişimdə xüsusi rolu olduğunu, öz xeyir duası ilə yoluma işıq saldığını söylədim. “Mən Qəbələ camaatının hamısını özümə qardaş, bacı hesab edirəm” deyərək 50 ildən artıq sinəsini qazdığı  o torpağın ona doğulduğu yurd yeri kimi əziz, doğma məkan olduğunu xüsusi ilə qeyd etdi.

İlyas müəllimdən dəfələrlə radio üçün müsahibələr almışdım. Bir neçə dəfə otağında apardığı tədqiqatlarla bağlı efir söhbətimiz olmuşdu. Qəbələdən Koreyalı həmkarları və Şəmkirdəki Alman alimləri ilə müştərək işlərindən ayrıca süjetlər hazırlamışdım. Telefonla zəng edib dəfələrlə canlı efirə bağlamışdım. İstənilən an zəng etsəm də bir dəfə də olsun danışmaqdan boyun qaçırmazdı, gördükləri işləri canla-başla, bütün təfsilatı ilə açıqlayardı.

2010-cu ildə hətta Qəbələdə arxeoloji qazıntılar apararkən onun çalışdığı məkanda televiziya çəkilişlərində də iştirak etmişdim. AZTV-nin çəkiliş qrupu və “Yurd yeri” verilişin müəllifi Abdı Qoşqarla İlyas müəllimin qonağı olduq. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji qrupu və SEBA-nın dəstəyi ilə Koreya arxeoloqlarının  birgə qazıntı işlərini lentə aldıq. Havanın çox isti olmasına baxmayaq aramızda hamıdan dözümlü İlyas müəllim görünürdü. O bir neçə saat ərzində ekspedisiyanın nəticələri və qazıntı gedən ərazi haqqında geniş məlumat verdi və çəkliş heyətini dolğun informasiya ilə təmin etdi.  Yadımdadır ki, bir dəfə onunla söhbətimdə “arxeoloq” peşəsinin özəlliyindən danışmışdıq və bu peşənin çətin olduğunu, illərlə ailədən, uşaqdan uzaq qalaraq alimlərin “çöl həyatı” yaşamasının ağırlığını söyləmişdi. Bəli,  İlyas müəllim belə ağır həyata sinə gərən vətənin görkəmli ziyalılarından biri olub. 50 ildən artıq  Qəbələdə, paralel olaraq respublikamızın bir çox yerlərində “çöl qazıntı” işləri aparıb.

Haqqında film çəkmək, internetdə yayımlamaq niyyətində idim və bu barədə  ona da demişdim. Özündən daha çox, başqa alimlərin, xüsusilə arxivində arxeologiya elminin görkəmli simalarından biri sayılan Saleh Qazıyevlə bağlı çoxlu fotoşəkillərin və kinolentlərinin olduğunu bildirmiş, onların bərpasının, müasir elektron formata çevrilməsinin zəruri olduğunu söyləmişdi. Bu barədə əməkdaşlığımız  nəzərdə tutulmuşdu…Bu yaxınlarda isə elmi müdafiəmin son mərhələləri yaxınlaşırdı və yazdığım işi göstərmək, rəyini  almaq  üçün ona müraciət edəcəydim…

Hər dəfə AMEA-nın qarşısından keçəndə istəyirdim ki, qalxım otağında görüşüm. Ancaq tələsdiyim üçün yoluma davam edirdim. Fikrimdən keçirdi ki, onun arxivindəki sənədlərin Mərkəzi Elmi Kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına salınması və sənədli filmin hazırlanması ilə bağlı istəyimi xatırladım. Tezəlikcə isə əlimə professor İlyas Babayevin yenicə çapdan çıxan şəxsi biobiblioqrafik göstəricisi düşdü. Kitab haqqında əlüstü bir yazı hazırlayıb saytda yerləşdirdim. Telefonla deyil, otağına gedib təbrik etmək qərarına gəlmişdim…

Ancaq….Sən demə İlyas müəllim bir neçə ay ərzində amansız xəstəliklə əlbəyaxa olubmuş. Onun nə xəstəliyindən xəbərim vardı, nə də ölümündən. Mediadan ölüm xəbərini eşidəndə ən yaxın dostunu itirən bir insan kimi sarsıldım. Bəli İlyas müəllim sağlığında insanların könlündə özünün heykəlini ucaldıb və inanıram ki, yaxşılıq etdiyi məni kimi yüzlərlə insanın ürəyində adını əbədiləşdirib. Əsl insanlıq nümunəsi kimi özünə sağlığında rəhmət qazanıb.

Elmimiz, vətənimiz  böyük bir şəxsiyyəti, gərəkli elm xadimini itirdi. İlyas müəllim onu tanıyanların yaddaşında işıqlı xatirəsi ilə yaşayacaq.

Ruhunuz şad olsun Əziz İlyas müəllim. Mən sizi özümə nəinki müəllim, ağsaqqal, eyni zamanda bir ata, qardaş hesab edirdim. Nur içində yatın.

 Şəlalə Məhyəddinqızı,

Azərbaycan Radiosunun

jurnalisti

Leave a Reply