Uşaqlığımın ən böyük arzusu həyata keçmişdi. Ali məktəbə qəbul olmuşdum. Dərs cədvəlinə əsasən ilk dərs “Qədim dünya tarixi” fənnindən mühazirə idi. Mühazirəçi kimi isə “prof. İlyas Babayev” qeyd edilmişdi. Orta məktəbə qədəm qoyduğumuz ilk gün, ilk müəllimimiz necə yadda qalırsa, unudulmursa, ali məktəbdəki ilk gün və ilk müəllim də ömrünə tələbəlik kimi yaddaqalan, əsrarəngiz günlər yazılmış hər bir şəxs üçün unudulmaz olur. Və daim xoş xatirə kimi yaddaş süzgəcindən keçirilərək bir ömürlük xatirəyə çevrilir.

İlyas müəllimin ilk mühazirəsi həm ibtidai insanların formalaşması və inkişafı haqqında tarix elminin gəlib çıxdığı ən son nəticələrin izahı, həm də bir ali məktəb müəllimi haqqında ilk heyrətdolu təəssürat baxımından mənim yaddaşımda xüsusi iz buraxdı. Onun sonrakı bütün mühazirələri də ilk mühazirəsi kimi gənc mütəxəssislərin dünyagörüşündə hər dəfə nələrisə dəyişirdi.

Sonralar öyrəndim ki, İlyas Babayev tarix elminin “Qədim dünya tarixi” adlandırılan bölməsinin nəinki Azərbaycan, həm də bütün keçmiş SSRİ üzrə ən yaxşı bilicilərindən, ən məhsuldar tədqiqatçılarından biri kimi tanınır və qəbul edilir. Sonralar iş elə gətirdi ki, İlyas müəllimin kafedra müdiri olduğu Azərbaycan Universitetində mən də müəllim kimi çalışmağa başladım. Müəllimim kimi tanıdığım bu insanı həmkar, iş yoldaşı kimi tanımaq da qismətim oldu. Bundan sonra İlyas müəllimin mənim yaddaşımdakı portreti tam formalaşdı. O, təəccüblü dərəcədə sadə, təvazökar və mədəni insan idi. Bu üç insani keyfiyyətin bütün ciddi alimlərə, öz peşəsinin yüksək peşəkarı olan insanlara xas xüsiyyət olduğunu bəlkə də ilk İlyas Babayevin timsalında öyrəndim.

İlyas Babayev mənim üçün ali məktəb müəllimi, elm adamı olmağın meyarı idi. İlyas müəllimi şəxsən tanımaq, uzun illər eyni universitetdə birgə çalışmaq, tez-tez ünsiyyətdə olmaq qismətim olduğu üçün özümü şanslı biri hesab edirəm. Alimlər deyirlər ki, səmadakı nəhəng ulduzların bəziləri milyon illər öncə sönsə də, onların işığını biz indi də görməkdəyik. Məncə, İlyas müəllimin bir ziyalı kimi işığı da o ulduzların işığı qədər uzunömürlü olacaqdır. O, bu gün aramızda olmasa da ondan nümunə götürən, öyrənən minlərlə tələbəsi onun ideya və əməllərini vətənimizin hər yerində yaşatmaqda, təbliğ və tədris etməkdədirlər. Əslində bu özü də bir başqa cür yaşamaqdır.

Elçin  Cəfərov,

Azərbaycan Universitetinin baş müəllimi

Leave a Reply