Deyirlər ki, bu dünya bir pəncərədir. Hər birimiz ona doyunca baxır sonra isə çıxıb gedirik, ya razı, ya da narazı…           

    Amma həyatda elə insanlar var ki, onlar bu pəncərədən sadəcə baxıb getməyiblər. Özlərindən sonra silinməz izlər qoyublar, xeyirxah əməl sahibi, böyük məsləhətçi olublar .  Belə insanlar xatirələrdə daim yaşayırlar.

         Onlardan biri  də  düz bir il bundan əvvəl, 82 yaşında əbədiyyətə qovuşmuş İlyas Babayevdir. İlyas müəllim əbədiyyət dünyasına  köç edərkən elmin ən yüksək zirvəsini fəth etmişdi – tarix elmləri doktoru professor, Azərbaycan Milli Elmlər Akademiyasının  müxbir üzvü idi . Həyatda ən böyük  qazancı isə “Böyük insan” olması idi.

         İlyas müəllim həyatnın son anlarına qədər bir əlində bel, yorulmadan qazıntı işləri aparır, digər əlində isə  qədim dövr tariximizin qaranlıq  səhifələrini işıqlandırırdı.

         İlyas Babayev nəinki rəhbərlik etdiyi şöbənin, eyni zamanda institutda olan digər şöbələrin  əməkdaşları ilə çox mehriban, çox səmimi eyni zamanda xeyirxah məsləhətçi  idi.

         İlyas müəllimlə yaxınlığımızın ilk anı qəlbimdə daim yaşayır.  XX əsrın 70-ci illərinin  axırları  idi. Tarix İnstitutunda  laborant işləyirdim. Bir neçə ay idi ki, bir problemlə bağlı çox əsəbi anlar  yaşayırdım. O qədər dəyişmişdim ki, bəzən güzgüyə baxanda özümü tanıya bilmirdim . Nahar fasiləsi idi. Dəhlizdə gəzirdim. Bu zaman hamımızın  hörmət etdiyimiz  İlyas müəllim mənə yaxınlaşdı. Onun sifətində xeyirxahlıq  əlamətlərini  gördüm. Görüşdük. Əhvalımın  belə olmasının  səbəbini soruşdu. Yorğun olduğumu bildirdim.  O, isə bildirdi ki, düz demirsən. Mən düz bir həftəyə  yaxındır ki,  səni müşahidə edirəm, səbəbini de yəqin  ki, köməyim olar.

         Mən bu halımın  səbəbini deyəndə İlyas müəllim bir addım geri çəkildi və çox diqqətlə məni süzdü. Daha sonra yaxınlaşaraq əlimdən tutdu, əllərinin hərarəti məni silkələdi. O an dediyi sözlər indi də qəlbimdədir:

         – Maarif, hiss edirəm ki, çox həssas adamsan, eyni zamanda da özünə qarşı çox tələbkarsan. Biz bu həyatda həm xeyirxah, həm də paxıl insanların əhatəsində yaşayırıq. Xeyirxah insanlar çoxdur , onlarla  yaxın , sirdaş olmaq lazımdır. Bədxahlar isə azdır. Onlardan uzaq olmaq, bizə olan mənfi münasibətlərinə fikir verməmək olar. Sən də belə et. Fikir vermə. Sonda mənim haqlı olduğumu görəcəksən.

         Ayılarkən məndən xahiş etdi ki, köməyi dəyə biləcək istənilən hər bir məsələ ilə bağlı  çəkinmədən onunla əlaqə saxlayım.

         Məndən 15 yaş  böyük olan İlyas müəllimin bu sözləri yaddaşıma  yazıldı, sonrakı həyatıma bir işıq, nur saçdı. Mən o anlara qədər də xeyirxah insanların əməllərindən özümə nümunə götürürdüm. İlyas müəllimin bu məsləhəri bir daha mənə anlatdı ki, məhz belə olmaq, belə yaşamaq lazımdır.

         İlyas müəllim bizim həqiqi dostumuz, məsləkdaşımız olub. Onunla son görüşüm 2016-cı il oktyabr  ayının 2-də  Əkbər müəllimin oğlunun toyunda oldu. Həmin dəqiqələrdə 80 yaşlı bu elm fədaisi yenə də gülərüz, yenə də səmimi idi. Sifətində böyük həyat eşqi, yaradıcılıq şüası var idi.

         Sonda onu yazmaq istəyirəm ki, yaddaşıma işıqlı, nurlu, fədakar bir insan kimi əbədi həkk olunmuş İlyas Babayevin xatirəsini hər an əziz tutacaq, onu “Böyük insan”, “Böyük məsləhətçi” kimi xatırlayacağam!

Maarif  Xalıqov,

tarix üzrə fəlsəfə doktoru

Leave a Reply