Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor İlyas Babayevin (1935-2017) büstü üzərində iş gedir.

Azvision.az xəbər verir ki, bu barədə mərhum alimin oğlu, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar Jurnalist Fuad Babayev məlumat verib.

Antik dövr tarixi, arxeologiyası və numizmatikası üzrə tanınmış mütəxəssisin büstünü Azərbaycan Rəssamlar İttifaqının üzvü, heykəltəraş-rəssam Tarverdi Quliyev hazırlayır.

Qeyd edək ki,Tarverdi Quliyevin işləri sırasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun büstü (Hüseyn Haqverdiyev ilə birlikdə), tanınmış hüquqşünas İsaxan Aşurovun qəbirüstü abidəsi, azərbaycanlı neft milyonçusu Murtuza Muxtarovun məzarı üzərində qoyulmuş sənduqə (Hacı Eldar Mikayılzadə ilə birlikdə), metronun “Xalqlar dostluğu” stansiyasında dekorativ panno (mərhum heykəltəraş Müslüm Eldarov ilə birlikdə) və çoxsaylı tablolar, qrafik işlər var.

Arxeoloq İlyas Babayevin büstü heykəltəraşın sərgisində nümayiş etdiriləcək.

Leave a Reply