1905.az portalının “Diskussiya klubu”nda Aqil Şahmuradovun müəllifliyi ilə çıxan “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabını müzakirə etdik. Müzakirələrə Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Şahmuradov, tarix üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayev, tarix üzrə fəlsəfə doktoru Namiq Əsədov, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov, tarix üzrə fəlsəfə doktoru Dəyanət Musayev, Azərbaycan Turizm və Mədəniyyət Universitetinin doktorantı Elşən Məcidov dəvət olunmuşdular.
Fuad Babayev: Bu gün müzakirəsinə yığışdığımız Aqil Şahmuradovun “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabı “1905.az kitabı” seriyasından ilk kitabımız deyil. Daha öncə biz tanınmış Türkiyə psixiatr Orxan Doğanın “Panika pozuntusu” kitabını təqdim etmişik. Axtarış və təhlillər nəticəsində qərara gəldik ki, biz bu kitabları “poket book” formatında çap edək. Bu kitab artıq dünyada sürətlə yayılmaqdadır. Ən müxtəlif ünvanlara onu artıq təqdim etmişik. Kitabın ideya müəllifi və naşiri Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovdur. İlk sözü kitabın elmi redaktoru, Azərbaycan MEA-nın müxbir üzvü İlyas Babayevə verək.
İlyas Babayev: Bu mövzuda xeyli kitablar çıxıb. Amma deyim ki, müzakirə etdiyimiz bu kitabın məzmunu ilə yanaşı, formatı çox xoşuma gəldi. Böyük kitabları oxumurlar. Mən axırıncı dəfə İrəvanda 1987-ci ilin noyabrında olmuşam. Hələ o vaxt ortaq əhval-ruhiyyələrindən nəyinsə baş verə biləcəyini sezmək mümkün idi. Erməni tarixçiləri daim əyri yollarla gediblər. Deyim ki, hətta Ön Asiyaya da ermənilər gəlmədilər. Mənim də yaxşı tanıdığım böyük tarixçi var idi – İ.M.Dyakonov. O da bunu öz kitabında sübut edib. Ermənilər hind-Avropa dil qrupuna məxsus xalqdır. Dilləri bir qədər yunan dilinə yaxındır. Görünür, nə vaxtsa, yunanlarla qonşuluqda yaşayıblar. Ola bilsin ki, onlar e.ə. II minillikdə köçüb Ön Asiyaya gəliblər. Ona görə də mən həmişə deyirəm, mövcud faktların hamısı bizim xeyrimizədir və bizə əlavə rəng lazım deyil. Hətta ermənilərin yazdıqları faktlar da bizim xeyrimizədir. Onların bura köçürülməsinin təşkilatçısı olan A.Qriboyedovun əsərləri az qala dünyanın bütün dillərinə tərcümə olunub. Orada ermənilərin bizim ərazilərə köçürülməsi, bunun üçün nə qədər pul ayrıldığı, nə qədərinin ermənilər tərəfindən mənimsənildiyi təsvir olunub. Həm də onların xəstələnməmələri üçün dağ adamlarını dağ yerinə, aran adamlarını isə arana köçürmüşdülər. Halbuki 1950-ci illərin əvvəllərində azərbaycanlıları dağ yerindən aran bölgəsinə köçürmüşdülər.
Mən “Ermənilər Cənubi Qafqazda” kitabını çox bəyənirəm. Biz ancaq faktlara əsaslanmalıyıq. Bəzən bizdə “erməni xaçı” ifadəsindən istifadə olunur. Mən hətta mütəxəssislərə də dəfələrlə deyirəm ki, bu ifadədən istifadə qətiyyən yolverilməzdir. Çünki 7-ci əsrin əvvəllərində bizdə kilsə monofizitliyə keçib. Ona görə də alban kilsəsinin xaçı və erməni kilsəsinin xaçı eynidir. Məsələn, Qəbələ rayonunun Nic kəndindəki kilsədəki xaçla Qandzasardakı xaçı tutuşdurun – eynidir. Qandzasar bizim alban katolikosluğunun mərkəzi idi. Mən 1988-ci ilin mayında orada olmuşam. Bir çox alban katolikoslarının qəbri də oradadır. Azərbaycan ərazisindəki bütün abidələr, eləcə də xristian abidələri Azərbaycana məxsusdur. Türkiyəyə baxın. Onun ərazisində Het, Urartu, Lidiya, yunan şəhər-dövlətləri olub. Bu dövlətlərin hər birinə məxsus abidələri mühafizə edirlər və ondan da gözəl gəlir əldə edirlər. Mən İspaniyada, Alqambriyada olmuşam. Ərəb dövründən qalma məscidin yalnız divarı qalıb. Amma dedilər ki, keçən il buraya 2 milyon turist gəlib.
1828-c ildə Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra əhalinin siyahıya alınması aparılıb. Rusiyanın Sankt-Peterburqda bu ölkənin hərbi-topoqrafik xəritələri var. 1908-ci ildə çıxan xəritədə indiki Ermənistan ərazisindəki bütün yer adları, toponimləri Azərbaycan dilindədir. Sevan gölünün də adı Göycə gölü kimi yazılıb. İndi 1903-cü ildə çıxan xəritəni bir qədər tərcümə ediblər. Mən istərdim ki, onlar elə rus dilində olsun. Müzakirə mövzusuna qayıdaraq, yenə deyirəm: əlbəttə, bizə böyük kitablar da lazımdır, amma bu formatda kitablar daha çox vacibdir. Muzeylərə qoyulub, gələnlərə paylanmalıdır. Ona görə də bu kitabın çıxmasını alqışlayıram.
Fuad Babayev: Bu kitabın formatı, məzmunu ilə yanaşı, istinad nöqtələrinin qeyri-azərbaycanlı, neytral müəlliflərin əsərlərinə söykənməsi də bu onun əhəmiyyətini artırır. Gələcəkdə belə kitablar əcnəbi soyadlı adamlar tərəfindən yazılsa, effekti daha böyük ola bilər. Yeri gəlmişkən, 1905.az saytında bu kitabı həm PDF formatda yükləyib, baxmaq olar, həm də səhifələmək.
Aqil Şahmuradov: Düzü, biz istəyirdik ki, müzakirələrdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültələrindən də nümayəndələr iştirak etsin. Lakin bu işlə maraqlananların olması da sevindiricidir və həmin şəxslərin bir qismi də hazırda buradadır. Şəxsən mən belə düşünürəm ki, Qarabağ problemi, “erməni məsələsi” bu gün hamının əsas problemi olmalıdır. Mən bu yaxınlarda belə bir məlumat oxudum ki, ermənilərin Qarabağ problemi, Azərbaycan və Türkiyə ilə münasibətlərə dair yazdıqları kitab, buklet və albomların sayı 25 mindir. Bu nəhəng bir kitabxanadır. Bu təbliğat maşınının qarşısında dayana bilmək üçün bir an da osla, gecikməməliyik.
Məncə, Azərbaycan tarixşünaslığında iki metodoloji səhvə yol verilib. Birincisi, biz bu problemi qədim dövrlərdən başlayaraq tədqiq etməliyik. Erməni tarixçiləri yazırlar ki, Azərbaycan tarixçiləri ermənilərin bu bölgəyə 19-cu əsrdə gəldiyini söyləyir və sübut üçün Dağlıq Qarabağ ərazisindəki Marağa kəndində ucaldılmış abidəni göstərirlər. Və qeyd edirlər ki, onlar burada ən qədim dövrdən yaşayıblar, lakin türklər gəldikdən sonra bu ərazidən qovulublar. 19-cu əsrdə isə yenidən buraya qayıdıblar. Buna görə də bizim tədqiqatçılarımız qədim dilləri öyrənməlidirlər. Məsələn, Xorenasi ilə bağlı deyim ki, kifayət qədər Avropa müəllifləri bunun cəfəngiyyat olduğunu və sifarişlə yazıldığını söyləyiblər. Hayasa dövləti məsələsinə isə bizim tarixşünaslığımızda nədənsə heç toxunulmayıb. Bu dövləti ermənilər yalnız mexaniki uyğunluğa hay-Hayasa səslənməsinə əsasən, erməni dövləti elan ediblər.