Atamın yazılarını, şəkillərini bir araya gətirmək üçün sayt yaratmaq barədə düşünürdüm. Və bu sayt əslində onun sağlığında yaradılmalı idi.

Qismət olmadı.

Ilyas-babayev.az saytı atam dünyasını dəyişdikdən bir neçə ay sonra yarandı. Və saytın ilk bölümlərindən biri xatirələrin ixtiyarına verildi.

Daha bir neçə ay keçdikdən sonra böyük qardaşım Faiqlə məsləhətləşib bu saytın adından təqaüd təsis etmək qərarına gəldik.

Oktyabrın 6-da “İlyas Babayev təqaüdü”nü alan ilk məktəbli ilə də görüşdük. Quba rayonu Xanəgah kənd ümumi məktəbinin 7-ci sinif şagirdi Həzrət Bəhruz oğlu Hacıbəyovla.

Görüş kənd məktəbində təşkil edilmiş xatirə tədbirində baş tutdu. Tədbirdən əvvəl atamın məzarını ziyarət etdik.

Sonra da məktəbə yollandıq. Və məktəbin həyətində yaddaqalan çıxışlar səsləndi…

Həm çıxışları dinləyirdim, həm də… Həm də xatırlayırdım.

Atam uşaq vaxtı kənddən 4 kilometr yarım məsafədə yerləşən məktəbə piyada gedib gəlməsindən danışardı. Və deyərdi ki, evdə saat olmadığından tez-tez gecikirmiş dərsə…

Müharibə illərinin məhrumiyyətlərindən danışardı. Amma təfərrüatlara varmadan. Sadəcə insanın əslində çox güclü, çox dözümlü olmasını qeyd edərdi..

1935-ci il təvəllüdlü tarixçi İlyas Babayev orta məktəbdə oxumağa başlayanda tarixin ən qanlı müharibəsi gedirdi. Və o müəllimlərin müharibəyə aparılmasını da vurğulayardı, yuxarı sinif şagirdlərinin müəllimləri əvəz etmələrini də, çox böyük həvəslə oxumalarını da.

Nəsillər də bir-birini əvəz edir. Və bu günün məktəblilərinin müharibə illərində oxuyan şagirdlər qədər həvəsli olacaqlarına inanmaq qalır bizə.

Günəşli payız günündə Xanəgah məktəbindəki tədbirdə maraqla çıxışçılara qulaq asan balacaları, yeniyetmələri görsəydiniz, siz də buna inanardınız.

Mən inandım.  Fuad Babayev

Leave a Reply