Dünən İlyas dostumuz vəfat etdi.
Bu gün onun dəfninə gedərkən maşında bu şeiri yazdım.
Sevdiyi dünyasını tərk etdi İlyas dostumuz,
Qəlbimizdə qalsa da, ah, getdi İlyas dostumuz.
Bisəbəb bir kimsə dünya mülkünə gəlməz qəti,
Yoxdu şəkk, Allahdan dəvətdi, İlyas dostumuz!
Çox-çox illər qazdı torpaq, açdı torpaq sirrini,
Qazdığı hər torpağa şöhrətdi İlyas dostumuz.
Bir salam et İlyas adlı sən Nizami şairə,
Yad elə çox alimi, fürsətdi, İlyas dostumuz.
Müxbir üzvü olmusan elm aləminin, mərhəba!
Qədrini, əlbət, bilən dövlətdi, İlyas dostumuz!
Dəfninə getməkdəyik Fəxrəddin ilə biz bu gün,
Gözlə, gəllik yanına, növbətdi, İlyas dostumuz!
Kəndini yad eyləyərdin il boyu illərlə sən,
Xanəgahə yoxluğun zillətdi, İlyas dostumuz!
Qış çağında toplaşıb millət gəlibdir dəfninə,
Qədrini yüksək tutan millətdi, İlyas dostumuz!
Biz də bir gün aləmi tərk eylərik, amma bu gün
Səndən ayrılmaq bizə zillətdi, İlyas dostumuz!
Var gümanim ki, tapar cənnət bağında öz yerin,
Şahina, zənn etmirəm ki, itdi İlyas dostumuz!
28 dekabr 2017
Bakı-Quba-Xanəgah yolu