Gülüstan(1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri əsasında Azərbaycan Rusiya ilə İran arasında bölüşdürüldükdən sonra İran və Türkiyədən Cənubi Qafqaz ərazisinə, əsas etibarilə Ermənistan və Azərbaycana 1920-ci ilə qədər 600 min erməni köçüb gəldi. Əslində elə keçən əsrin 20-ci illərindən azərbaycanlıların Ermənistanda öz doğma yurdlarından qovulması prosesi başlandı. Hesablanmışdır ki, 1828-ci ildən 1920-ci ilədək iki milyondan çox müsəlman Rusiyadan qovulmuşdur, bunların əksəriyyətini Ermənistandan qovulan azərbaycanlılar təşkil edir. Bu proses 1988-ci ildə başa çatdı. Ermənistanda yaşayan axırıncı 160 mindən artıq azərbaycanlı bütün varidatları talan edilməklə oradan qovuldu. Bunun ardınca erməni millətçiləri Azərbaycana qarşı ərazi iddiasını irəli ataraq açıq silahlı müharibəyə başladı. Beş ildir ki, bu müharibə davam edir. Bütün bunlar oxucuya yaxşı məlumdur.

Azərbaycanlıların Ermənistandan qovulması siyasəti erməni tarixşünaslığında hakim mövqe tutan belə bir nöqteyi nəzərlə əsaslandırılır ki, guya ordakı azərbaycanlılar orta əsrlərdə ermənilərin ərazisini zəbt etmiş köçəri türk-tatarların nəsilləridir və onları qovmaqla tarixi ədalət bərpa edilir. Bu saxta konsepsiya on illər boyu Ermənistanda və erməni diasporu tərəfindən xaricdə geniş təbliğ edilmişdir. Azərbaycan tarixçiləri bu nöqteyi-nəzərin əsassız olduğunu bilsələr də, ona qarşı heç bir tədqiqat işi ortaya çıxarmamışlar. Açığını desək, tarixçilərimizdən beynəlmiləlçilik ənənələrinə sadiq qalmaq, bütün qüvvələri dostluğa, qardaşlığa yönəltmək tələb olunurdu… Odur ki, tarixşünaslığımızda azərbaycanlıların mənşəyi haqqında öz konsepsiyamız olmadığı kimi, Ermənistanda yaşayan azərbaycanlıların mənşəyi haqqında yazmaq da heç kimi düşündürməmiş, Azərbaycan tarixində bu problemə yer ayrılmamışdır.

Əvvəlki kitabları ilə oxuculara yaxşı tanış olan tarixçi-etnoqraf, tanınmış toponomist Q.Ə. Qeybullayevin “Qədim türklər və Ermənistan” kitabı Ermənistan azərbaycanlılarının mənşəyi haqqında ilk təşəbbüsdür. Müəllif çox haqlı olaraq Ermənistan azərbaycanlılarını Azərbaycan xalqının tərkib hissəsi kimi götürmüş və onların mənşəyini bütünlükdə azərbaycanlıların mənşəyi ilə bir vəhdətdə araşdırmışdır.

Qeyd etmək lazımdır ki. Q. Ə. Qeybullayevin Azərbaycan xalqının mənşəyi haqqında öz konsepsiyası vardır. Qabaqkı əsərlərində, xüsusilə 1991-ci ildə çap etdirdiyi “Azərbaycanlıların etnogenezinə dair. 1 cild. Bakı, 1991” (rusca) kitabında öz izahını tapmış bu konsepsiya azərbaycanlıların etnogenezinə dair mövcud konsepsiyadan köklü surətdə fərqlənir. Q. Ə. Qeybullayevin konsepsiyasının müddəalarını burada nəzərdən keçirmək fikrində deyilik; təkcə onu qeyd edə bilərik ki, Azərbaycanın hər iki hissəsinin ərazisində Şimali Azərbaycanla həmsərhəd olan, lakin indi Ermənistan və Gürcüstana aid olan zonalarda hələ eradan əvvəlki minillikdə türkdilli etnosların yaşaması haqqında müəllifin müddəası bu konsepsiyanın ana xəttini təşkil edir. Oxuculara təqdim olunan indiki kitabça Ermənistan azərbaycanlılarının mənşəyi də məhz bu müddəa əsasında araşdırılmışdır. Müəllifin fikrincə, hələ eradan əvvəl VIII-VII əsrlərdə indiki Ermənistanın şərq əyalətlərində türkdilli əhali yaşayırdı. Həmin əsrlərdən sonra isə buraya türkdilli kimmerlər, saklar, quqarlar, şiraklar və b. tayfalar gəlib məskunlaşmışdır. Bir sözlə, müəllif belə hesab edir ki, ermənilərin bu ərazidə məskunlaşmasından əvvəl burada yaşayan yerli əhali azərbaycanlıların ulu əcdadı idi. Öz mülahizələrini sübut etmək üçün müəllif yazılı qaynaqlara və əsas etibarilə toponimik faktlara əsaslanır.

Şübhə etmədən demək olar ki, Q. Ə. Qeybullayevin Ermənistan azərbaycanlılarının mənşəyinə həsr olunmuş bu əsəri oxucular tərəfindən maraqla qarşılanacaqdır.

İlyas Babayev

tarix elmləri doktoru

 

Mənbə: Qiyasəddin Qeybullayev. “Qədim türklər və Ermənistan”. Bakı, Azərnəşr, 1992 il.

Leave a Reply