1989-cu ilin yayında birinci kursu başa vurub gəldim Bakıya və üstündən bir müddət keçəndən sonra atamla birlikdə Daşkəsənə getdik. Daşkəsənin Xaçbulağını təzəlikcə Xoşbulaq eləmişdilər və bu kəndin yaxınlığında kurqanlarda rəhmətlik Hətəm müəllimin rəhbərliyi ilə arxeoloqlar qazıntı aparırdılar. Biz də elə həmin ekspedisiyanın qonağı idik.
Nə yadımda qalıb?
Ağ rəngli nimdaş “krossovka”larım vardı. Dağda-daşda gəzəndə bu ayaqqabıların aşınma sürəti barədə də fikirləşirdim. Mən sentyabrda elə bu “krossovka”larla getməliydim təhsil aldığım uzaq şəhərə və o vaxta qədər ayaqqabılarım salamat qalmalıydı…
Ekspedisiyanın “baza”sı bir kənd sakininin həyətində yerləşmişdi. Çox sağlam bir adam idi ev sahibi. Birində dedi ki, hər səhər idman eləmək məqsədilə qarşıdakı təpəyə qaça-qaça çıxır. Üstündən bir neçə gün keçəndən sonra biz də həmin təpəyə çıxdıq. Şəxsən mənim əhədim kəsildi. Və onda başa düşdüm ki, bu təpəyə qaça-qaça çıxa bilən adam lazım ola biləcəyindən də sağlamdı…
Atamla bapbalaca ərəb dili biliklərimi genişləndirmək planlarım varədə danışdığım da yadımdadı. Necə deyərlər, dəstəkləyirdi bu fikrimi. Orta məktəbdə ərəb dili keçmişdik. Təsəvvürüm vardı bu dil haqqında…
Hakim yüksəkliklərdən birinin üstünə dırmanıb aşağıda görünən kurqanlara birlikdə baxmağımızı da xatırlayıram…
Ən çox yadımda qalansa atamın biz avtobus gözləyən zaman rast gəldiyimiz aşıqla söhbəti oldu. Klassik aşıq “uniforma”sında olan sənətçi bir-iki sual verdi və həm bu sualların cavablarına, həm də məlul görkəmlə avtobus gözləməyimizə əsaslanaraq atamın heç zaman rüşvət almadığını müəyyənləşdirdi. Və bunu da açıq-aşkar hiss olunan təəssüf hissi ilə səsləndirdi…
1989-cu ilin yayında nə sosial şəbəkə vardı, nə də mobil telefon.
Amma atamın “Zenit” markalı aparatı vardı. Və o aparatla mənim ən azı bir şəklimi çəkmişdi. Sonrakı onilliklərin şəkil bolluğunda yoxa çıxmış, bəlkə də bə vaxtsa tapacağım şəklimi…
Fuad Babayev