Arxeologiya və Etnoqrafiya İnstitutu yaranandan İlyas müəllim bizim şöbənin (Azərbaycanın Antik dövr arxeologiyası şöbəsinin) müdiri olub. Bu şöbə Azərbaycan tarixinin və mədəniyyətinin tədqiqində çox mühüm elmi və strateji əhəmiyyəti olan bir şöbədir. Şöbənin tədqiq etdiyi dövrün əvvəli əhəmənilər imperiyasının dağıldığı, sonu isə sasanilər imperiyasının yarandığı vaxta düşür. Makedoniyalı İsgəndərin yaratdığı böyük dövlətin siyasi təsiri şəraitində tarixi Azərbaycan torpaqlarında Atropatena və Albaniya dövlətləri yaranmışdı. O dövrün tez-tez dəyişən siyasi xəritəsi fonunda aşkar edilən arxeoloji abidələrin etnik mənsubiyyətini müəyyən etmək olduqca çətindir. Xüsusən, Albaniyanın sərhədlərinin müəyyən edilməsinin böyük tarixi, siyasi və eyni zamanda strateji əhəmiyyəti vardır. İlyas müəllim bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
AMEA-nın müxbir üzvü seçilməsi İlyas müəllimin Azərbaycan tarixi və arxeologiyası sahəsindəki nailiyyətlərini qismən qarşılasa da, lakin bu çox az idi. İlyas müəllim çoxdan AMEA-nın həqiqi üzvü olmağa layiq idi. Mən onu bilirəm ki, Beynəlxalq konfrans və simpoziumlarda, statusundan asılı olmayaraq heç bir alim Cənubi Qafqazın antik dövr tarixi və arxeologiyası haqqında İlyas müəllimlə mübahisəyə girişməyə cürət etməzdi.
Azərbaycanda arxeoloji qazıntılar zamanı aşkar edilən antik dövr abidələrinin dövrünün müəyyən edilməsində İlyas müəllimin rəyi həlledici idi. Yadımdadır, 2008-2009-cu illərdə Sumbatan-dizə şəhər yerində eyni mədəni təbəqədə bir daş qutu tipli qəbir və bir neçə kurqanaltı küp qəbir aşkar etmişdik. Bu qəbirlərin dövrünü müəyyən etmək mənim üçün çətin idi. Qəbirləri, onlardan tapılan keramika və bəzək əşyalarını İlyas müəllimə göstərib kömək istədim. İlyas müəllim nəinki qəbirlərin dövrünü dəqiq müəyyən etdi, eyni zamanda qəbirlərdən tapılan artefaktlara analoji materialları hansı arxeoloji ədəbiyyatda tapa biləcəyimi də göstərdi. Azərbaycanda Arxeoloji tədqiqatlar məcmuəsində İlyas müəllimlə ilk müştərək məqaləmiz də belə yarandı.
İlyas müəllim, təkcə öz dövrünü deyil, başqa arxeoloji dövrləri də yaxşı bilirdi. Bu fikri mən sözgəlişi deyil, İnstitutun Elmi Şurasında, İnstitutun nəzdindəki Müdafiə Şurasında elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi zamanı onun məntiqli və yüksək səviyyəli analitik çıxışlarına əsasən deyirəm. Bu sətirlərin müəllifi 1975-ci ildən 1990-cı ilə qədər Azərbaycanın orta əsrlər arxeologiyası, 1990-cı ildən bu günə qədər isə tunc dövrü və erkən dəmir dövrü arxeologiyası ilə məşğul olur. Elə vaxtlar olurdu ki, mən məşğul olduğum dövrlər haqqında da İlyas müəllimdən çox dəyərli məsləhətlər alırdım. Bir sözlə İlyas müəllim hərtərəfli, ensiklopedik biliyə malik bir alim idi. Biz onun simasında “canlı ensiklopediyamızı” itirdik. Gün keçdikcə bu itkini daha yaxından hiss edirik.
İlyas müəllimdən danışarkən onun insani keyfiyyətlərini qeyd etməmək insafsızlıq olardı. Əvvəlcə, onu qeyd etmək istərdim ki, İnstitutda elə bir şöbə tapılmaz ki, onun müdiri İlyas müəllim qədər öz şöbə işçiləri ilə daha çox bir yerdə və ruhən daha çox yaxın olmuş olsun. Bir şöbə müdiri kimi həm birlikdə, həm də ayri-ayrılıqda hər kəsin problemi ilə maraqlanar və əlindən gələn köməyi əsirgəməzdi. (Haşiyə çıxaraq qeyd edim ki, şöbə işçilərinin, dost və tanışların problemlərini həll etmək üçün İlyas müəllim bəzən yüksək vəzifədə olan yaxın qohumlarının da köməyindən istifadə edərdi). Şöbədə hər hansı bir tədbir keçirilən zaman vəsait toplandıqda, İlyas müəllim laborant və kiçik elmi işçilərdən vəsait alınmasına yol verməz, onların əvəzinə bu vəsaiti özü qoyardı. Adına, sanına, mövqeyinə baxmayaraq təkəbbürlü deyildi. Haqlı olaraq belə insanlar haqqında deyirlər ki, uşaqla uşaq, böyüklə böyük idi. İlyas müəllim, məsləhətinə həmişə ehtiyac duyulan bir insan idi.
İnstitutda elmi kadrların hazırlanmasında İlyas müəllimin rəhbərlik etdiyi şöbənin şəxsən onun özünün böyük əməyi vardır. 1993-cü ildən indiyə qədər İnstututda şöbə müdiri rəhmətə getdikdən sonra, kadrların olmaması üzündən bir çox şöbənin (Epiqrafika, Antropologiya, arxeoloji abidələrin konservasiyası və bərpası və s) ləğv edildiyinin şahidiyik. Amma, İlyas müəllim özündən sonra samballı elmi potensial qoyub getmişdir. Bu elmi kadrlara (Əkbər Bədəlov, Ceyhun Eminli, Emil İsgəndərov, Natiq Alışov və b.) İlyas müəllim şəxsən rəhbərlik etmiş, onların dissertasiya işlərinin vaxtında yazılıb müdafiə olunması üçün düzgün istiqamət vermişdir.
İlyas müəllim görkəmli alim, gözəl xasiyyətli insan, yaxşı yoldaş, ədalətli və qayğıkeş şöbə müdiri idi. İlyas müəllimin yeri həmişə görünür və görünəcək.
Mən deyərdim ki, bir evdə, bir kənddə ağsaqqal olmaq o qədər də çətin deyil. Amma, bir elmdə ağsaqqal olmaq çox çətindir. İlyas müəllim elmimizin ağsaqqalı idi!
İlyas müəllim, Allah sənə qəni-qəni rəhmət eləsin! Qəbrin İlahinin nuru ilə dolsun! Yerin cənnət olsun!
Bəhlul İbrahimli
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
“Arxeoloji işin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru