Atamla bağlı xatirələrim azdı…
Əslində belə olmamalıydı.
Atam 2017-ci ilin 27 dekabrında dünyasını dəyişdi. Mənim 47 yaşıma təqribən 3 ay qalırdı. Və demək mənim ömrünün 46 ili və az qala 9 ayı atamın həyatda olduğu dünyada yaşanıb.
Amma xatirələrim azdı…
O həmişə tələsirdi. Və həmişə iş görməyə tələsirdi, işdən qaçmağa yox. Mən onu heç dincəlməyə, yeyib-içməyə, şənlənməyə tələsən görmədim.
Və mən deyəsən onun yaxın adamları ilə ünsiyyətə tələsdiyini də görməmişəm.
Gördüyüm o olub ki, atam işə tələsib, hansısa səbəblərdən işdə və qazıntıda olmayanda da özünü işdən danışmaqla ovundurmağa çalışıb.
Yaddaşımın astar üzündə ilişib qalmış xatirə qəlpəciklərindən birində Akademiya şəhərciyinin əsas binasının təmir olunduğu ayların iki-üç dəqiqəsi var… Bina təmir olunur. O cümlədən Arxeologiya və Etnoqrafiya institutunun yerləşdiyi 6-cı mərtəbə. Və demək atamın rəhbərlik etdiyi şöbənin otağı da bağlıdır. Atamsa işdədir. Birinci mərtəbədəki yeməkxananın masalarından birinin üzərinə çantasını, kağızlarını qoyub və işləyir…
O əsl iş adamı idi. Amma pul qazanmaq haqıqnda düşünməyən iş adamı. Bakıdan Qubaya, Xanəgaha qədər yolda ancaq apardığı qazıntılardan, iştirak etdiyi elmi konfranslardan danışan və beş-on dəqiqədən bir işinin çoxluğundan gileylənən adam. İşinin çoxluğundan gileylənəndə də üzündə nəvəsinin dəcəlliyindən “şikayətçi” olan baba ifadəsi olan iş adamı.
Bu gün onun vəfatından 6 ay keçdi.
Əsl Alim İlyas Babayevin işdə olmadığı 6 ay arxada qaldı.
Fuad Babayev