Çox təəssüf ki, bu gün İlyas müəllim bizim aramızda yoxdur, neçə-neçə başa çatmayan elmi tədqiqatları, ekspedisiyaları yarımçıq qaldı. Amma elinin, obasının, onu tanıyanların, tələbələrinin, dostlarının yaddaşında , qəlbində xeyirxah insan, əsl ziyalı, əsl elm fədaisi kimi qaldı.
İlyas müəllimlə bağlı yaddaşımda çoxlu xatirələr var. O şəxsən mənim təhsil almağımda, həyatımda addımlar atmağımda bir örnək, bir mayak olmuşdur. Hələ uşaqlıq illərindən yadımdadır ki, onun doğma kəndimiz Xanəgaha hər gəlişini səbirsizliklə gözləyirdik. Anası Əsmər nənəmiz böyük bir sevinclə, həvəslə tədarük görərdi, onu qarşılayardıq və saatlarla maraqlı söhbətlərinə heyran-heyran qulaq asmaqdan doymazdıq. Tələbəlik illərində də hər hansı bir çətin anda onun yanına gedərdim. Onunla söhbətlərdən sonra özümdə inam, hər bir çətinliyin öhdəsindən gələ bilmək hissi yaranırdı. Yadımdadır ki, mən 1983-cü ildə Aərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunanda birinci ona gedib baş çəkdim, inanın ki, uşaq kimi sevinirdi. Onu tanıyanlar da, tanımayanlar da xeyirxahlığından, hamıya təmənnasız kömək etməyindən danışardı. Yadımdadır Qubada bir tədbir keçirilirdi, İlyas müəllim də dəvət olunmuşdu, rayon rəhbərləri ilə birgə ön sırada dayanmışdı. Onunla qohum olduğumu blməyən bir neçə rayon ziyalısı bir-birinə onun tələbə vaxtı onlara necə təmənnasız kömək etdiyindən, qayğıkeşliyindən, əsl elm fədaisi, əsl ziyalı olmağından öz aralarında danışırdılar. Əlbəttə ki, mən də bununla fəxr edib, qürur duydum.
Mən bu gün çox sevinirəm ki, övladları Faiq Babayev, Fuad Babayev onun yolunun layiqli davamçılarıdırlar.
Mən İlyas müəllimin ruhu qarşısında baş əyirəm, Allahdan ona qəni-qəni rəhmət diləyirəm. Əminəm ki, İlyas müəllim cismən yanımızda olmasa da, ruhən qəlbimizdə yaşayacaq, xatirəsi onu tanıyanların, elinin, obasının, tələbələrinin, elmi ictimaiyyətin qəlbində əbədi qalacaq.
Gəray Qurbanov,
Quba rayon Mərkəzi Xəstəxanasının
cərrahiyyə şöbəsinin müdiri,
tibb elmləri üzrə fəlsəfə doktoru