Professor İlyas Babayev öz dövrünün aparıcı alimlərindən biri idi. Leninqrad (Sankt-Peterburq) aspiranturasında aldığı təhsil gənc yaşlarından onun təbii alim bacarıqlarına ciddi təsir göstərmişdi. O öz müəllimləri ilə öyünürdü və tez-tez İqor Mixayloviç Dyakonovun adını çəkirdi. İlyas Babayev nəhəng erudisiyası və qədim yunan dilini bilməsi ilə seçilirdi. Bu dili o hələ aspirant olanda öyrənmişdi. Belə peşəkarlıq səviyyəsi indinin özündə də alimlərimiz arasında az-az rast gəlinir.
İlyas Babayev Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu yarandıqdan sonra “Antik dövr arxeologiyası” şöbəsinin ilk rəhbəri oldu. İşlədiyi müddət ərzində Azərbaycanın antik dövr arxeologiyasının öyrənilməsinə çox böyük töhfələr verdi. Onun rəhbərliyi altında “Qəbələ və onun ətrafının arxeoloji tədqiqi” ekspedisiyası Albaniyanın şəhər tipli abidələrini kifayət qədər ciddi öyrənə bilib. Ekspedisiya xeyli nəhəng şəhər tipli tikinti kompleksləri aşkar etdi. Eyni zamanda dəmir dövrünə və antik dövrə aid olan xeyli qəbir abidələri tədqiq edildi. Qəbələdə işlədiyi dövrdə onun rəhbərliyi altında “Qədim Qəbələ”də aparılmış arxeoloji qazıntıların çoxcildli nəşrləri hazırlandı və çap edildi. Bu qazıntıların bir çoxu İlyas Babayevin rəhbərliyi altında Azərbaycan – Koreya arxeoloji ekspedisiyası tərəfindən aparılıb.
Onun fəaliyyəti antik dövr abidələrinin öyrənilməsi ilə məhdudlaşmırdı. 2006-cı ildə Şəmkirdə, Qaracəmirlidə Azərbaycan – Almaniya arxeoloji ekspedisiyası fəaliyyətə başladı. Bu işləri professor İlyas Babayev Almaniya Arxeoloji İnstitutunun əməkdaşı professor Florian Knausla birlikdə, 2017-ci ilə qədər apardı. Qaracəmirlidə Əhəmənilər imperiyası dövrünə aid nəhəng saray aşkar edilmişdi. Bu qazıntılara İlyas Babayev çox böyük əhəmiyyət verirdi. Ona görə ki, bu Əhəmənilər imperiyası dövründə bütün regionun idarə edilməsinin həyata keçirildiyi iqamətgahın mövcudluğunu sübut edirdi. İlyas Babayevin avropalı həmkarları ilə birlikdə yazdığı və Qaracəmirlidəki sarayın arxeoloji tədqiqindən bəhs edən məqalələri Avropanın bir çox ciddi elmi nəşrlərində işıq üzü gördü. Bu məqalələr dünya arxeoloji ədəbiyyatında böyük rezonans yaratdı.
İlyas Babayev çox ciddi elmi məktəb yaratdı və bu gün onun bir çox şagirdləri alimin başladığı işi şərəflə davam etdirirlər. Bizim 2000-ci ildə baş tutmuş tanışlığımız zamanı onun biliyi və peşəkarlığı mənə böyük təsir bağışladı. Bizim sonrakı ünsiyyətimizin hər birimiz üçün faydalı olduğu qənaətindəyəm. Bu ünsiyyət təbii olaraq ona gətirib çıxardı ki, 2004-cü ildə İlyas müəllim mənim PhD dissertasiyamın elmi rəhbəri oldu. Dissertasiyanı 2008-ci ildə onun rəhbərliyi ilə uğurla müdafiə etdim. 2017-ci ildə İlyas Babayev mənim elmlər doktoru dissertasiyamın müzakirəsində iştirak etdi. Müzakirədən əvvəl o dissertasiyanı diqqətlə oxumuşdu və rəy yazmışdl. Rəydə o kifayət qədər obyektiv olaraq işin güclü tərəflərini qeyd etmişdi, eləcə də bir sıra ciddi iradlar bildirmişdi. Bu iradları mən nəzər aldım.
İlyas Babayev mənim üçün eyni zamanda həm müəllim idi, həm də opponent. Heç kim üçün sirr deyil ki, qədim tarixin bəzi məsələləri ilə bağlı fikirlərimiz çox fərqlənirdi. Lakin bu fərqlərə baxmadan o həmişə diqqətlə mənim mülahizələrimi dinləyirdi, sonra da razı olduğu və razılaşmadığı məqamlarla bağlı fikirlərini səsləndirirdi. Öz elmi konsepsiyasına zidd olan məsələləri də inkar etməyə tələsmirdi. Əgər mənim dəlillərim ona əsaslandırılmış dəlillər təsiri bağışlayırdısa, o qeyd edirdi ki, mənim konsepsiyamın “mövcud olma hüququ” var. Qeyd etməliyəm ki, bu müasir alimin ən mühüm keyfiyyətlərindən biri olmalıdır. Opponentin əsaslandırılmış arqumentasiya xəttini başa düşmək və qəbul etmək bizim öz biliklərimizi dərinləşdirir.
Hökmən qeyd etmək lazımdır ki, İlyas Babayev düz və məsuliyyətli bir adam idi. Onun bu xüsusiyyətini institutumuzun əməkdaşları təəccüblə xatırlayırlar. Bu yaxşı bir örnəkdir. Xüsusilə, arxeoloqlarımızın gənc nəsli üçün.
İlyas Babayev çoxsaylı məqalələrin müəllifi idi. Bu məqalələrin bir çoxu xaricdə, avropalı həmkarlarının həmmüəllifliyi ilə çap olunub. Bu barədə yuxarıda da deyilib. O “Qafqaz Albaniyasının şəhərləri e.ə. IV – b.e. III əsri” monoqrafoyasının müəllifidir. Bu monoqrafiyada adıçəkilən dövlətin yaranmasının nəticələri ətraflı şəkildə əsaslandırılıb. Eyni zamanda bu dövlətin şəhərlərinin planlaşdırılması və inşaat texnikası təsvir edilib. Əsərdə şəhərlərin iqtisadiyyatı və numizmatika problemləri araşdırılıb. İlyas müəllim numizmatika sahəsində çox yaxşı mütəxəsis idi. Bu monoqrafiya son dərəcə vacib məsələ idi. Çünkü. e.ə. IV əsrdə Azərbaycan ərazisində şəhər mədəniyyətinin mövcudluğu bizim qədim tarix üçün strateji vacib məsələdir.
Yuxarıda sadalanan xidmətlərinə görə İlyas Babayev Azərbaycan MEA-nın müxbir üzvü seçildi.
İlyas Babayevin Azərbaycan elminə töhfələri yuxarıda sadalananlarla bitmir. Məsul redaktor kimi o uzun illər bizim İnstitut tərəfindən hazırlanan “Azərbaycan arxeologiyası” çoxcildliyinin dördüncü cildini, “Antik dövr arxeologiyası”nı hazırlayırdı. Təəssüf ki, o bu çox vacib işi axıradək yekunlaşdıra bilmədi. Hərçənd ki, bir çox vacib bölmələr üzərində iş başa çatıb. Hal-hazırda bizim “Antik dövr arxeologiyası” şöbəsi bu işi mənim rəhbərliyimlə davam etdirir. İş başa çatdıqdan sonra bu cild İlyas Babayevin redaktəsi altında çap ediləcək və bu onun Azərbaycan elminə daha bir töhfəsi olacaq.
Əsl alim hətta ölümündən sonra da elmə təsir göstərməkdə davam edir. Və biz əminliklə deyə bilərik ki, İlyas Babayev elmə yanaşmanın və tədqiqat aparılma mədəniyyətinin elə standartlarını müəyyənləşdirib ki, həmin standartlar hələ uzun illər Azərbaycanın antik dövr arxeologiyasının inkişafına təsir edəcək.
Zaur Həsənov,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru