Azərbaycanın müxtəlif rayonlarında Xanəgah adlı bir neçə kənd vardır. Onların hamısı orta əsrlər dövrünə aid olub müsəlmanlığın sufi cərəyanın müqəddəslərinin iqamətgahları və türbələri ətrafında yaranmış, yarandıqları vaxtdan da ziyarətgahlara çevrilmişlər. Xanəgah adlı belə kəndlərin biri də Quba rayon mərkəzindən 24-27 km Cənubi-qərbdə Çağacuq çayı üstündə iki dağ yamacı arasında yerləşir. Bu kənd iki hissədən: Yuxarı Xanəgah və Xanəgahdan ibarətdir. Ziyarətgah Yuxarı Xanəgahda yerləşir.

Orada əsas ziyarətgah Pir İsa babanın qəbridir. Qəbrin vaxtı ilə tikilmiş türbələri və yanındakı kiçik məscid tam dağılmış vəziyyətdədir. Abidənin yanında digər dağılmış türbə və çoxlu yazılı qəbir daşları vardır. Bu sahədə kəndin genişlənməsi üçün şərait olmadığından artan əhali 3 km məsafədə çayın aşağı axarında məskunlaşmışdır.

2002-ci ildə Azərbaycan MEA Arxeologiya və Etnoqrafıya İnstitutu tərəfindən bir ay müddətində arxeoloji tədqiqatlar aparmaq üçün Quba rayonuna ekspedisiyaya göndərilən bu məlumatın müəllifləri kəndin ətrafında kəşfiyyat işləri zamanı xeyli yeni abidələri qeydə almış, tapıntıları toplamış, qazıntı işləri aparmışlar. Ekspedisiya tərəfindən qeydə alınan abidələr və toplanan tapıntıların çoxu orta əsrlər dövrünə aid istehsalat ocaqları (kərpic və gil qab bişirilən kürələr), şirli və şirsiz gil qablar, su təchizat ilə əlaqədar istifadə olunan gil su boruları (künklər), yazılı qəbir daşları olan köhnə qəbristanlıqlar, kənd yerləri və s. ibarətdir.

Kəndin ərazisində aşkar edilən ilk tunc dövrünə aid (e.ə. IV minilliyin sonu – III minillik) daş balta xüsusi maraq doğurur. Balta qaramtıl boz rəngli bərk daşdan hazırlanmışdır. Onun ucu cilalanmış, arxa tərəfində sap bağlamaq üçün hər iki üzündə dayaz nov açılmışdır. Bu baltanı təsadüfı olaraq kənd sakini Bayramov Sahib tapmış və onu bizə verərək tapıldığı yeri göstərmişdir. Balta kəndin kənarında Çağacuq çayının sol sahilindəki dik yamacda, qaya çıxıntısının yanında tapılıb. Qaya balıqqulaqlı əhəng daşındandır. Bu yer Daşdibi adlanır. Qayanın altında kiçik mağara vardır. Burada qazıntı aparılaraq mağapa təmizləndi. Lakin qazıntı zamam yalnız son orta əsrlərə aid az miqdarda maddi mədəniyyət qalıqları tapıldı.

Daş balta tapılan sahədə dairəvi planlı tikililərin qalıqları izləndi. Lakin bu yer dağ yamacı olduğu üçün mədəni təbəqə tamamilə dağıldığından qazıntı zamanı onun qalıqları aşkar olunmadı.

Ekspedisiya dövründə AMEA müxbir-üzvü M.Neymətova Xanəgah kəndinə gəldi. Onunla birlikdə qəbirüstü epiqrafık abidələrin estampları çıxarıldı.

Gələcəkdə bu ərazidə aparılacaq arxeoloji tədqiqatlar bir sıra mühüm tarixi məsələləri aydınlaşdırmağa kömək edə bilər.

 

İlyas Atababa oğlu Babayev, Faiq İlyas oğlu Babayev

Mənbə: Arxeologiya və Etnoqrafiya İnstutunun 10 illiyinə həsr olunmuş Elmi Konfransın Materilalları, Bakı 2003

Leave a Reply