Tarix Dostiyev 

Son günlər Azərbaycanın ticarət əlaqələri mövzusu üzrə araşdırma apararkən arxeoloq İlyas Babayevin Mingəçevirdən tapılmış bullaya həsr olunmuş, yarım əsr bundan əvvəl aspirant məqalələri külliyyatında çap olunmuş məqaləsi ilə tanış oldum (1). Həmin məqalədə 1949-cu ildə Mingəçevirin 3 saylı yaşayış yerində V-VIII əsrlərə aid mədəni təbəqədən tapılan, üzərində 12 möhürün əksi qalmış, 4 x 3,5 x 2 sm ölçülərdə gil bulla tədqiqata cəlb edilmişdi. Gənc tədqiqatçı bullanı hər tərəfli təhlil edərək onu mötəbər mənbəyə çevirə bilmiş, düzgün şərh etmiş və güclü mühakimələri ilə onun beynəlxalq ticarət əlaqələri ilə bağlılığını sübut yetirmişdir. Kiçik həcmli, lakin mühüm dəyərə malik bu məqalə bu gün də elmi əhəmiyyəti saxlamaqdadır. Sözü gedən məqalə Azərbaycan arxeologiya elminə erudisiyalı, artefaktlarda cəmləşən kodlaşmış informasiyanı almağa və şərh etməyə qadir istedadlı tədqiqatçının gəlməsindən xəbər verirdi.

1983-cü ildə İlyas müəllimin albanşünaslıqda mühüm hadisə olan “Albaniyanın şəhərləri e.ə.IV-e.III əsrlərdə” mövzusunda doktorluq dissertasiyasının müdafiəsində iştirak etmək mənə nəsib oldu. Dissertasiyasının müdafiəsi Moskva şəhərində SSRİ EA Arxeologiya İnstitutunun Dissertasiya şurasında keçirilirdi (2). O zaman Moskva Dövlət Universitetində prof. Q.A.Fyodorov-Davıdovun rəhbərliyi ilə “Şimal-Şərqi Azərbaycanın orta əsr arxeoloji abidələri (IX-XIII əsrlər)” mövzusunda namizədlik dissertasiya üzərində işləyirdim və bu mənə imkan verdi ki, İlyas müəllimin dissertasiyasının müdafiəsində iştirak edim. Dissertasiya işinə SSRİ-nin məşhur antikşünas alimləri opponentlik edirdilər. Hər üç opponent müdafiəyə təqdim olunan tədqiqat əsərinə müsbət rəylərini bildirib, onu Qafqaz arxeologiyasının mühüm uğuru kimi qiymətdirdilər. Dissertasiya işində tədqiqatın mühüm yeniliklərindən biri arxeoloji və nümuzmatik materiallar əsasında Albaniyanın bir dövlət kimi e.ə. I əsrin birinci yarısında deyil, e.ə. IV əsrin 30-20-ci illərində, yəni makedoniyalı İskəndərin imperiyasının süqutundan sonra təşəkkül tapdığının sübuta yetirilməsi idi. Dissertasiya işinin müzakirəsi zamanı yadda qalan çıxışlardan biri Moskva Dövlət Universitetinin “Qədim dünya tarixi” kafedrasının o zaman müdiri vəzifəsində çalışan professor V.Kuzişşinin çıxışı oldu. O, dissertasiya işinə yüksək qiymət verərək bildirdi ki, qədim dünya tarixi üzrə dərsliklər tərtib edərkən Qafqazın antik tarixi bölməsinin yazılmasında Albaniya tarixi və arxeologiyası üzrə elmi tədqiqat əsərlərinin, xüsusilə urbanizasiya ilə bağlı ümumiləşdirilmiş sanballı əsərlərin olmaması müəyyən çətinliklər yaradırdı. Natiq İlyas Babayevin təqdim etdiyi dissertasiya işinin bu boşluğu aradan qaldırdığını və Qazqaz Albaniyasının şəhərləri, bu dövlətdə cərəyan edən urbanizasiya prosesləri haqqında dolğun təsəvvür yaratdığını xüsusi vurğuladı.

Dissertasiya Şurasının sədri, akademik B.A.Rıbakov da dissertasiya işinin yüksək səviyyəsindən, müzakirənin işgüzar və obyektiv keçməsindən çox razı qalmışdı. O, yekun çıxışında müdafiə olunan tədqiqat işinə yüksək qiymət verərək onu sovet arxeologiya elmində mühüm hadisə adlandırdı. Əlbəttə ki, həmyerlimizin tədqiqatlarına SSRİ-nin paytaxtı Moskvada nüfuzlu sovet arxeoloqlarının belə yüksək qiymət verməsi Azərbaycan arxeologiya elminin təntənəsi idi. Sonradan bu dəyərli tədqiqat işi müəllif tərəfindən monoqrafiya şəklində işlənərək 1990-cı ildə  nəşr edildi və bu günkü günümüzdə də Albaniya dövlətinin yaranması, antik şəhərlər, urbaniya proseslərinin xüsusiyyətləri, sənətkarlıq, beynəlxalq ticarət əlaqələri, sikkə zərbi və s. problemlərin geniş təhlil olunduğu sanballı əsər olaraq albanşünas alimlərin dönə-dönə müraciət etdikləri kitabdır.

Professor Qüdrət İsmayılzadə “Abidələr, xatirələr, düşüncələr…” kitabında arxeoloqun həyatında abidələrin rolunu sərras ifadə edərək yazır: “Axtarış yollarında arxeoloq yüzlərlə abidə ilə rastlaşır. Bunların hamısını o, fərq qoymadan dəqiq qeydə alır, tədqiq edir və öyrənir. Lakin bu abidələrdən yalnız biri ona ən yaxın sirdaş ola bilir, məhəbbətini qazanır və nəhayət, bütün varlığı ilə onun həyatına daxil olur. Əslində, arxeoloqun özü könüllü şəkillə həyatını bu abidəyə həsr edir, onunla qaynayıb-qarışır. Elə buna görə də arxeoloqun adı sonralar bu abidə ilə qoşa çəkilir” (3, s.16). İki belə abidənin: antik Qəbələ şəhər yerinin və Qaracəmirlidə e.ə.V-IV əsrlərin möhtəşəm saray kompleksinin tədqiqatçısı olmaq İlyas müəllimin taleyinə yazılıb. Adı çəkilən hər iki abidənin tədqiqinə İlyas müəllim böyük qüvvə, mənalı ömrünün böyük yarısını, zehin və gözünün nurunu həsr etmişdir. O, bu abidələri övladları tək sevirdi, onlar haqqında danışmaqdan, Azərbaycanın qədim tarixində onların rolu və əhəmiyyətini izah etməkdən sanki zövq alırdı.

1989-cu ilin payızında Qəbələ arxeoloji ekspedisiyasında iştirak edərkən İlyas müəllimin çöl tədqiqatlarına olduqca ciddi, arxeoloji qazıntılara məsuliyyətlə yanaşdığının əyani şahidi oldum. Həmin ildə Qəbələ şəhər yerində arxeoloji qazıntı işləri Səlbir və Çaqqallı düzü sahələrində aparılırdı. Arxeoloji qazıntılara Çaqqalı düzündə professor İlyas Babayev, Səlbirdə professor Qara Əhmədov rəhbərlik edirdi. Mən Səlbir sahəsində aparılan qazıntılarda iştirak etsəm də, antik Qəbələ xarabalıqları ilə tanış olmaq üçün bir iş günü Çaqqallı düzündə, antik şəhər yerində oldum. İlyas müəllim məni abidə ilə tanış etdi, ilk qazıntılardan 1989-cu ilədək aparılmış tədqiqatlar, görülmüş işlər, maraqlı tapıntılar haqqında geniş məlumat verdi. Onun Qəbələyə olan sevgisini, tədqiq etdiyi abidəyə vurğunluğunu görməmək, hiss etməmək mümkünsüz idi. O, böyük bir məhəbbətlə Qəbələnin Albaniyanın paytaxt şəhər olmasından, onun istehkamlarının tədqiqindən, ictimai təyinatlı binanın açılmasından, antik dövrə aid dəfinənin tapılmasından danışırdı. Bu informasiya Azərbaycanın qədim şəhərinin, Albaniya dövlətinin paytaxt şəhərinin həyat mənzərəsini göz önündə canlandırır, insanı bu günkü günümüzdən ayırıb tarixin sirlərlə dolu qədim qatlarına aparırdı.

Keçən əsrin son onilliyində və yeni əsrin, yeni minilliyin əvvəllərində Qəbələ arxeoloji ekspedisiyası antik dövrə aid üç oval biçimli binanın qalıqlarını və dövlət əhəmiyyətli anbar qalıqlarını üzə çıxardı. Söz yox ki, paytaxt statusu daşıyan şəhər üçün dövlət əhəmiyyətli tədbirlərin keçirildiyi monumental binaların mövcudluğu vacib şərtlərdən idi. Həmin bina qalıqlarının aşkarlanması və tədqiqi, eləcə Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında e.ə.V-IV əsrlərə aid möhtəşəm saray kompleksinin üzə çıxarılması İlyas müəllimə elmi kəşflərin sevincini yaşatdı. Bu arxeoloji kəşflər əslində professor İlyas Babayevin məqsədyönlü, ardıcıl, gərgin və yorulmaz əməyinin sonucu, mükafatı idi. O, həmin kəşflərdən qürur hissi ilə danışar, Azərbaycan tarixi və mədəniyyəti üçün onların əhəmiyyətini vurğulayardı.

2006-cı ildə professor İlyas Babayev Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri olmaqla bərabər həm də Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında aşkarlanan, e.ə.V-IV əsrlərə aid edilən nəhəng saray kompleksini tədqiq edən Azərbaycan-Almaniya-Gürcüstan beynəlxalq ekspedisiyanın rəhbəri təyin olundu. Həmin ildən Şəmkir şəhər yerində də arxeoloji qazıntılara başlanıldı. Elə ilk çöl tədqiqat mövsümündən ekspedisiyaların üzvlərinin abidələrə qarşılıqlı səfər etməsi, arxeoloji yeniliklərlə tanış olması ənənəsi yarandı. Qaracəmirli kəndi yaxınlığında yerləşən möhtəşəm saray kompleksinə hər dəfə səfər edərkən İlyas müəllimi qızmar günəş altında cavan insana xas enerji ilə, yorulmadan çalışdığının şahidi olurduq. O, minilliklərin yadigarlarını aşkarlayıb üzə çıxarmaqdan zövq alırdı. İlyas müəllim böyük bir qürurla Cənubi Qafqazda dəmir dövrünə aid belə bir abidənin olmadığını və tədqiq etdiyi saray kompleksinin məşhur Persopol abidəsi ilə müqayisə layiq abidə olduğunu vurğulayırdı. Onu həm də bu möhtəşəm abidənin taleyi, onun konservasiya olunaraq qorunması problemləri çox narahat edirdi. O, abidənin qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması üçün zəruri konservasiya işlərinin aparılmasının vacibliyini müxtəlif səviyyələrdə diqqətə çatdırırdı. Təcrübəli arxeoloq İlyas Babayevin öz komandası ilə bizim ekspedisiyaya gəlişi həmişə xoş, arzu olunan hadisə idi. Mən məmnunluqla onu və beynəlxalq ekspedisiyanın üzvlərini Şəmkir qazıntılarının yenilikləri ilə tanış edir, fikir mübadiləsi aparırdıq. Bir ənənə olaraq hər dəfə xatirə şəkilləri çəkilirdi. Bizim ekspedisiyanın bütün üzvləri yüksək ünsiyyət mədəniyyətinə malik İlyas müəllimə öz doğması, ağsaqqalı kimi dərin hörmət bəsləyirdi. Yadımdadır sonuncu dəfə İlyas müəllim beynəlxalq ekspedisiyanın üzvləri ilə birlikdə bizim qazıntıya gəlmişdi. Ənənə üzrə abidədə aparılan qazıntılarlarla, yeniliklərlə tanışlıqdan sonra kollektiv xatirə şəkli çəkildi. Bizim ekspesiyanın memarı Rəsul Mirzəyev İlyas müəllimlə ayrıca xatirə olaraq şəkil çəkilməsini xahiş etdi və həmin şəkillər görkəmli arxeoloq İlyas Babayevin Şəmkir şəhər yerinə səfərini sənədləşdirən sonuncu foto çəkilişlər oldu.

İlyas müəllim görkəmli rus arxeoloqu, antikşünası G.A.Koşelenko haqqında məqaləsini aşağıdakı sözlərlə yekunlaşdırmışdı: “Bütün insanlar gec-tez bu dünyanı tərk edirlər. Xoşbəxt o adamdır ki, özündən sonra xoş xatirə qoyur. Gennadi Andreeviç Koşelenko belə insan idi. Onun əsərləri müasirlərinə kömək edirdi və tədqiqatçıların bir çox nəsillərinə örnək olaraq kömək edəcək” (4, s. 92). Eyni fikri, eyni cümlələri İlyas Atababa oğlu Babayev haqqında da təkrarlasaq səhv etmərik. İlyas müəllim mehriban, səmimi, xeyirxah insan, obyektiv və ədalətli alim idi. O, elmi fəaliyyətinin ilk günlərindən ömrünün sonunadək Azərbaycan arxeologiya elminə sədaqətlə xidmət etdi, tükənməz enerji və istedadını vətən tarix və mədəniyyətinin öyrənilməsinə sərf etdi, yorulmaz yaradıcı əməyi ilə nurlu bir iz qoydu.

Ədəbiyyat:

  1. Бабаев И.А. Глиняная булла, найденная в Мингечауре // Вопросы истории Азербайджана (сборник статей аспирантов). – Баку: Изд-во АН АзербССР, 1966, с. 5-10.
  2. Бабаев И.А. Города Кавказской Албании в IV в. до н.э. – III в.н.э. Автореф. дисс. докт. ист.наук. Москва, 1982.
  3. İsmayılov Q.S. “Abidələr, xatirələr, düşüncələr…” . – Bakı: Gənclik, 1981, -108 s.
  4. Бабаев И.А. Выдающийся русский археолог, антиковед Г.А.Кошеленко // Azərbaycan arxeologiyası, 2016, №1, s. 85-94.

Leave a Reply