Azərbaycan arxeoloqlarının ağsaqqalı, sadə, səmimi və çalışqan insan olan İlyas Babayev artıq bir ilə yaxındır ki, aramızda yoxdur. Hər zaman böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran bu xoşxasiyyət insanın dostluqda, yoldaşlıqda tayı-bərabəri yox idi. Hər dəfə komanda halında səfərlərdə, elmi ezamiyyətlərdə, xüsusən də arxeoloji qazıntılarda olarkən işin ən ağırını öz üzərinə götürərdi.Səhərlər hamıdan, hətta aspirantlarından da tez durar, növbəti iş gününün bütün hazırlıqlarını özü görərdi.
Qeybətdən, dedi-qodudan çox uzaq insan idi. Geniş diapazonlu mütaliəsi, xüsusən də antik mənbələri orijinaldan oxuyaraq incəliklərinə qədər bilməsi hər kəsdə heyranlıq doğurardı. Bəzən saatlarla antik mənbələr, onların Azərbaycanla bağlı məqamları barədə yorulmadan danışardı. Elə bu keyfiyyətinə görə arxeoloq həmkarları onu “Azərbaycanın Böyük Pilinisi” – deyə çağırardılar. İstər həmyaşıdları, istərsə də sonrakı nəsillərin nümayəndələri olan arxeoloq həmkarları hər zaman və hər yerdə onun yaxşılıqları və xeyirxah əməlləri barədə ürək dolusu danışır. Məhz sadalanan bu keyfiyyətlərinə görə, özündən sonra tanıyanların qəlbində ancaq nəcib və xoş xatirələr qoyub getmiş olan görkəmli Azərbaycan arxeoloqu İlyas Atababa oğlu Babayev haqqında onun doğum günü ərəfəsində söz açmaq çoxsaylı həmkarları kimi, mənim də boynumun borcudur.
İ.Babayev 1935-ci ildə Quba rayonunun Xanagah kəndində anadan olub. Əvvəlcə Xanagah kənd yeddiillik məktəbində, daha sonra isə Rustov kənd orta məktəbində təhsil alan İ.Babayev 1953-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1958-ci ildə ADU-nu fərqlənmə diplomu ilə bitirib.
O, hələ tələbəlik illərindən qədim dillərə və tarixin müxtəlif sahələrinə böyük maraq göstərib. Elə bu maraq onu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna gətirib. 1969-cu ildə tanınmış arxeoloq Saleh Qazıyevin rəhbərliyi ilə yaradılan Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqatlarına başlayan İ.Babayev ömrünün sonuna qədər Qafqaz Albaniyası tarixinin və mədəniyyətinin tədqiqi ilə məşğul olmuşdur. İ.Babayev təhsilini davam etdirmək məqsədilə 1962-ci ildə Leninqrada (hazırki Sankt-Peterburqa) gedir. Orada aspiranturada oxuduğu illərdə dissertasiya işi ilə bağlı tədqiqatlarla yanaşı, Leninqrad Dövlət Universitetində qədim yunan dili və mədəniyyəti üzrə görkəmli mütəxəssis, professor K.M.Kolobovanın yanında qədim yunan dilini öyrənməklə də məşğul olmuş, onun qədim yunan mədəniyyətinə aid mühazirələrini dinləmişdir.
Professor M.İ. Maksimovanın rəhbərliyi altında 3 il aspiranturada təhsil alan İ.Babayev 1965-ci ildə “Azərbaycanın antik və orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
Xatırladaq ki, o zaman Azərbaycanda qliptika və sfragistika üzrə mütəxəssis yox idi. Respublikanın müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan müxtəlif qiymətli daşlardan, şüşədən, pastadan və keramikadan hazırlanmış qliptika abidələri öyrənilməmiş qalırdı. İ.Babayevin təqdiqatları əsasında müəyyən olunub ki, əksəriyyəti möhür kimi istifadə edilən qliptika abidələrinin cəmiyyətdə əmlak bərabərsizliyinin sinifli cəmiyyətin və dövlətin, habelə iqtisadi-ticari və mədəni əlaqələrin öyrənilməsində mühüm əhəmiyyəti olub.
İ.Babayev 1983-cü ildə SSRİ EA Arxeologiya İnstitutunda “Qafqaz Albaniyasının şəhərləri” (e.ə. IV – III əsrlər) mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Xatırladaq ki, bilavasitə İ.Babayevin Qəbələdə apardığı arxeoloji tədqiqatlar nəticəsində Azərbaycanın antik şəhərlərinin plan quruluşunu, daxili strukturunu, ticarət və sənətkarlığın inkişaf səviyyəsini, yerli əhalinin dəfn adətlərini, bir sözlə, şəhər əhalisinin məşğuliyyətini və dünyagörüşünü öyrənmək baxımından son dərəcə zəngin material əldə olunmuşdur. 1990-cı ildə doktorluq dissertasiyası əsasında tamamlayaraq nəşr etdirdiyi eyni adlı monoqrafiyasında ilk dəfə məhz o, Azərbaycan ərazisində sinifli cəmiyyətin, qədim Azərbaycan dövləti olan Albaniyanın paytaxt şəhəri Qəbələdə aparmış olduğu davamlı elmi axtarışların nəticəsi kimi, şəhərlərin, dövlətin yaranması, sənətkarlıq, beynəlxalq ticarət əlaqələri, sikkə zərbi və s. problemlərin geniş təhlilini verib.
İ.Babayev 1987-ci ildən ömrünün sonunadək AMEA Arxeolgiya və Etnoqrafiya İnstitutu antik dövr arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun uzun illər ərzində rəhbərlik etdiyi Qəbələ arxeoloji ekspedisiyası artıq neçə illərdir ki, beynəlxalq statusda çalışır. Son illər ekspedisiyanın apardığı qazıntılarda Cənubi Koreya Respublikasından olan arxeoloqlar da iştirak edirlər.
İ.Babayevin rəhbərlik etdiyi, Almaniya və Gürcüstan arxeoloqlarının da qatıldığı ikinci beynəlxalq ekspedisiya Şəmkir – Qaracəmirli arxeoloji ekspedisiyasıdır. Bu ekspedisiya Kür çayının sağ sahilində e.ə. V – IV əsrlərə aid şəhər tipli yaşayış yerində böyük sarayın və onun ətrafında digər ictimai binaların qalıqlarını aşkar etmişdir. Sarayın əsas binası, hasarlı həyəti və propleyası (giriş binası) 20 hektara yaxın ərazini əhatə edir. Sarayın çoxlu sütunlu zalları, portiki, uzun dəhlizləri və digər otaqları olmuşdur. İ.Babayevin fikrincə, bu abidə çox güman ki, e.ə. V-IV əsrlərdə bütünlükdə Cənubi Qafqazı əhatə edən mühüm inzibati mərkəzin qalıqlarıdır.
Arxeoloq kadrlarının hazırlanmasında da İ.Babayevin xüsusi xidmətləri olub. Onun elmi rəhbərliyi ilə neçə-neçə gənc dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb.
İ.Babayev 270-dən artıq elmi əsərin müəllifidir. O, dəfələrlə dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq elmi konqres, simpozium və konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir.
İ.Babayev bir çox ali və orta məktəb dərsliklərinin, həmçinin çoxcildlik “Azərbaycan tarixi”nin I və II cildlərinin, “Azərbaycan ensiklopediyası”nın və “Naxçıvan Ensiklopediyası”nın müəlliflərindəndir.
Zəngin yaradıcılığı ilə yanaşı, İ.Babayev həm də çoxillik pedaqoji fəaliyyəti ilə də yadda qalıb. O, Azərbaycanın müxtəlif universitetlərində, “Arxeologiya”, “Qədim Şərq tarixi”, “Antik dünya tarixi”, “Tarixə köməkçi fənlər”, “Azərbaycan tarixi”, “Qədim dünya tarixinin aktual problemləri”, “İbtidai icma tarixi”, “Tarixi antropologiya” və s. fənlər üzrə mühazirələr oxumuşdur.
2007-ci ildə AMEA-nın müxbir üzvü seçilən İ.Babayev 2001-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının üzvü, 2011-2012-ci illərdə isə həmin komissiyanın sədri olmuşdur.
Görkəmli alim, nəcib və xeyirxah insan İ.Babayev 2017-ci il dekabrın 27-də 82 yaşında dünyasını dəyişib.
İ.Babayev nə az, nə çox – düz 50 il Qəbələdə – antik şəhər yerində tədqiqat aparıb. Ömrünün son 15 ilini şəhərin müxtəlif dövrünü və müxtəlif problemlərini öyrənən bir neçə arxeoloji dəstəni özündə birləşdirən Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri olub.
Beləliklə o, özünün bütün şüurlu ömrünü Azərbaycanın qədim paytaxt şəhəri olmuş Qəbələnin tədqiqinə həsr edib. Onun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində qədim paytaxt şəhərimizin tarixinin uzun illər elm üçün qaranlıq olan bir çox sirlərinə aydınlıq gətirilib.
Nəhayət, son olaraq, belə bir məqamı da xüsusi olaraq qeyd edim ki, arxeoloji tədqiqatlar üçün yetərincə təminat olmadığı, çöl tədqiqat işləri zamanı arxeoloqların ən adi ehtiyaclarının belə ödənilmədiyi o illərdə universitetin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş bir gənc üçün ömrünü bütünlüklə bu işə sərf edərək Vətənin tarixini öyrənmək və yazmaq həqiqətən də qibtə olunmalı bir nümunədir.

xalqqazeti.com

Qafar CƏBİYEV,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Qəbələ arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru

Leave a Reply