Maddi mənbəələr əsasında bəşəriyyətin tarixi keçmişini öyrənməkdə, qədim əmək alətləri, insan məskənləri,qəbirlər, qaya təsvirləri, silahlar, istehkamlar və s. maddi mədəniyyət qalıqlarının tədqiqi ilə 58 ildən çox məşğul olan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Atababa oğlu Babayev 82 yaşında dünyasını dəyişdi. Bu da Azərbaycan elminin arxeologiya sahəsində böyük itkiyə səbəb oldu.
Babayev İlyas Atababa oğlu 23 mart 1935-ci ildə Quba rayonunun Xanagah kəndində anadan olmuşdu. 3 yaşında olarkən atası dünyasını dəyişmişdi. Qədim zamanlardan füsunkar gözəlliyi ilə insanları özünə cəlb edən kənd əhalisi bütün çətinliklərə baxmayaraq, orada yaşamağı özlərinə şərəf bilirdilər. 5 yaşlı Şahxanım və 3 yaşlı İlyasın əzab-əziyyətinə dözən Əsmər ana təsərrüfatda, kolxozda işləməklə bərabər, gələcəkdə övladlarının oxuması üçün çalışır, hər gün də onlara “Baxın görün atanız, babanız sizə nə qədər kitab saxlayıb?! Böyüyüb məktəbə getməlisiniz. Oxumalısınız, savadlı olmalısınız. Oxuyan insanlara hamı hörmət edir” deyirdi. Əsmər ana öz arzusuna çatmışdı. Parçadan tikdiyi çantaya bir neçə dəftər və əlifba kitabı qoyaraq İlyası məktəbə yola salır. Xanagah 7 illik məktəbini bitirdikdən sonra orta təhsil almaq üçün qonşu Rostov kəndinə gündə 6 km yol gedib-gəlirdi. Qışın qarlı-çovğunlu, yazın daşqınlı, küləkli havası onu öz iradəsindən çəkindirə bilmədi. Çətin həyat tərzi keçirən İlyas anasının tövsiyəsi ilə orta məktəbi bitirir. Orta məktəbdə oxuyarkən evlərindəüst-üstə yığılmış, ərəb əlifbası ilə yazılmış kitablar, əkin-biçin zamanı kəndlərində aşkarlanan qədim alətlər, küpə qalıqları, müxtəlif pulların üzə çıxması onda tarixi öyrənməyə böyük maraq yaratdı. Elə bu məqsədlə də sənədlərini Bakı Dövlət Universitetinə verib tarix fakültəsini seçir. İlk günlərdən başlayaraq tələbələr arasında fərqlənməyə başlayır. Gələcəyini yalnız oxumaqla deyil, həm də Vətəninə, xalqına xeyir vermək üçün şərəfli, mənalı, dolğun tariximiz üçün, son dərəcə faydalı iş görmək üçün çalışırdı. O, yaxşı bilirdi ki, tarix elmini inkişaf etdirmək üçün təkcə Azərbaycan dilini yaxşı bilmək kifayət deyil, həm də digər xalqların da dilini öyrənmək lazımdır. Universitetdə oxuyarkən ərəb, qədim yunan, Sanskrit, fransız dillərini öyrənməyə başlayır və o, buna nail olur. 1958-ci ildə ADU- nu (indiki BDU-nu) fərqlənmə diplomu ilə bitirir.
23 yaşlı bir gənci Saleh Razıyevin rəhbərliyi altında yaradılmış Qəbələ Arxeoloji Ekspedisiyasında çöl tədqiqatına göndərirlər. Tanış olmayan ərazidə, meşədə, dağ- dərədə, çöl-biyabanda, qar-çovğun, isti-soyuq, ac-susuz, gecə qaranlığında, Günəşşüaları altında işləmək polad iradə, dözüm, ağıl, zəka, istedad, səbr və iradə sahibi olmaq tələb edirdi. Arxeoloji qazıntılar zamanı insanların yaratdığı qədim maddi və mədəniyyət abidələri, əsasən əmək alətləri, silahlar, məişət əşyaları, insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədləri, sərdabələr, qədim yazılar, və s. aşkarlanmışdı. Bütün bunları araşdırmaqla İlyas Babayev insan cəmiyyəti tarixinin öyrənilməsində əldə edilən nailiyyətə sahib çıxmaq üçün nail olmuşdu.
Dünyanın dərkini tam yüksək səviyyədə qavramaq, qədim Azərbaycan xalqının tarixini dünyaya tanıtmaq üçün İlyas Atababa oğlu Babayev Leninqrad (indiki Sankt- Peterburq) Elm Məktəbində aspiranturada təhsil almağa başlayır. Vaxt itirmədən latın dilini öyrənməklə yanaşı, antik dövr müəlliflərinin ədəbiyyatı ilə də maraqlanmağa başlayır. Antik mənbəələrdə Azərbaycan tarixinə aid etnoqrafiya, numizmatika, sfrakistika, heroldika materialları ilə maraqlanır və qeyd etməyə başlayır.
Şərqi Zaqafqaziyada – indiki Azərbaycan ərazisində qədim Albaniya dövləti, Böyük Qafqaz Sıra dağlarının Şimal-Şərq, Kiçik Qafqaz dağları, Araz çayı və Xəzər dənizinə olan ərazini əhatə edən bu dövlətin mərkəzi Kabalaka (Qəbələ) eradan əvvəl IV-III-əsrə ehtimal olunur. Qədim Albaniya dövlətiilə bağlı ilk məlumat Moisey Kaqanqatvari R.Vahidov, Z.Bünyatov, S.Mamedova və başqaları məlumat vermişdi.
Eradan əvvəl IV-III-əsrlərdə Qafqaz Albaniyasında olan şəhərlərlə bağlı İlyas Babayev elmi mövzu götürür. Elmi əsəri müdafıə etmək olduqca çətin bir zamana təsadüf edir. Erməni tarixçilərinin “Böyük Ermənistan” iddiası və onları dəstəkləyən alimlərin əhatəsində rus dilində müdafıə etmək, Azərbaycanın qədim coğrafıyası, iqtisadiyyatı, tarixi, mədəniyyəti, ədəbiyyatı ilə verilən suallara elmi dəlillərlə cavab verməsi onun dərin zəkaya, biliyə, düşüncəyə malik olması nəticəsində mümkün olmuş və o, 1983-cü ildə doktor adına layiq görülmüşdü.
Qədim yunan coğrafıyaşünası, tarixçi Strabon yazır ki, albanlar ticarətə meylli deyillər. Onların pulu yoxdur. Ticarəti yalnız mübadilə (dəyişmə) üsulu ilə aparırlar. Onlar pul tanımırlar. İlyas Babayevin rəhbərliyi altında Qəbələ rayonu ərazisində aparılan qazıntı zamanı aşkarlanan dəfinələrdən aydın olur ki, Strabonun bu fıkri boş xülyadır. Strabonun yaşadığı dövrdən 300 il əvvəl albanlar külli miqdarda pul kəsiblər. Özü də onların kəsdikləri pullar Makedoniyalı İskəndərin pullarına bənzəyir. Pulların metal nümunələrinin öyrənilməsi bir sıra iqtisadi hadisələri müəyyənləşdirməklə yanaşı, həm də qədim ticarət yollarını təyin etməklə yalnız Azərbaycanın deyil, bütün Qafqazın və Yaxın Şərqin tarixini dərindən öyrənməyə sövq edir.
İlyas Babayevin ən uğurlu illərindən biri 1967-ci il olub. Qəbələnin adı e.ə. I əsrdə çəkilir. Böyük Plinin adını çəkdiyi Qəbələnin harada yerləşdiyini tapır. Son iki ildə apardığı qazıntılar zamanı məlum olub ki, burada hələ qədimdən yaşayış şəhərləri olub. İlk dəmir dövrünə aid böyük taxıl anbarları, onların dibində isə yanmış arpa qalıqları tapılmışdı.
Əsrlər, yüzilliklər, illər, aylar, günlər, saatlar tarixdə öz izlərini qoya-qoya səlnamələrini yaza-yaza, uğurlu-uğursuz, yaxşı-yaman, enişli-yoxuşlu yollarla millətin, xalqın taleyindən keçib gedir. Bu, birhəqiqətdir ki, XX-XXI əsrin bütün qabarma və çəkilmələri Azərbaycan xalqının da həyatından yan keçməyib. Torpaqlarımızın işğalı, millətimizin soyqırıma məruz qalması, zamanın ədalətsiz hökmü olmuşdu. Xalqımız bu acınacaqlı, gərgin mübarizələrdən keçə-keçə öz milli varlığını qoruyub saxlayıb, tariximizin, mənəviyyatımızın milli qürur qalaları olan oğullar yetirib.
Vətənimizin boya-başa yetirdiyi işıqlısimalarından olan, yaşadığı dövrün təlatümündən keçən, taleyində, ömründə izlər qoyan, ağrılı-acılı, həm də uğurlu və şərəfli həyat tərzi keçirən İlyas Babayev insan cəmiyyətinin keçmişini öyrənməklə tarix elmi üçün əsas cəhət olan cəmiyyətin konkret tarixini, faktların toplanmasını, sistemləşdirilməsini bir-biri ilə əlaqədar təhlil etməklə Azərbaycan tarixinin zənginləşdirilməsi üçün uğurlu töhfələr vermişdi.
İlyas Babayev iki Beynəlxalq Ekspedisiyada tədqiqat aparmış, çoxsaylı elmi və ictimai şuraların toplantısında iştirak etmiş 700- dən çox elmi əsərin müəllifi olmuş, ASE-nin nəşrlərinin yaradılmasında fəaliştirak etmiş, Azər baycan tarix elmini Beynəlxalq konfranslarda təmsil və təbliğ etmiş, Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, AMEA Arxeologiya və Etnoqrafıya İnstitutunun Müdafıə Şurasının üzvü, 2007-ci ildən AMEA-nın müxbir üzvü, Antik Arxeologiya Universitetinin şöbə müdiri olmuşdur.
O, Rusiyada, Belçikada, Yunanıstanda, Macarıstanda, Cənubi Koreyada, İtaliyada, Türkiyədə, Ermənistanda, Ukraynada, Sankt- Peterburqda və başqa dövlətlərdə Ümumittifaq qurultaylarda, konfranslarda, müşavirələrdə iştirak etmişdir.
Ruhunuz şad olsun, İlyas müəllim!
Kamil Dərələyəzli,
“Qızıl qələm ” mükafatı laureatı
“Dərələyəz” qəzeti 23 yanvar 2018-ci il