1905.az portalının “Diskussiya klubu”nda Aqil Şahmuradovun müəllifliyi ilə çıxan “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabını müzakirə etdik. Müzakirələrə Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Şahmuradov, tarix üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayev, tarix üzrə fəlsəfə doktoru Namiq Əsədov, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov, tarix üzrə fəlsəfə doktoru Dəyanət Musayev, Azərbaycan Turizm və Mədəniyyət Universitetinin doktorantı Elşən Məcidov dəvət olunmuşdular.

 

Fuad Babayev: Bu gün müzakirəsinə yığışdığımız Aqil Şahmuradovun “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabı “1905.az kitabı” seriyasından ilk kitabımız deyil. Daha öncə biz tanınmış Türkiyə psixiatr Orxan Doğanın “Panika pozuntusu” kitabını təqdim etmişik. Axtarış və təhlillər nəticəsində qərara gəldik ki, biz bu kitabları “poket book” formatında çap edək. Bu kitab artıq dünyada sürətlə yayılmaqdadır. Ən müxtəlif ünvanlara onu artıq təqdim etmişik. Kitabın ideya müəllifi və naşiri Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovdur. İlk sözü kitabın elmi redaktoru, Azərbaycan MEA-nın müxbir üzvü İlyas Babayevə verək.

 

 

İlyas Babayev: Bu mövzuda xeyli kitablar çıxıb. Amma deyim ki, müzakirə etdiyimiz bu kitabın məzmunu ilə yanaşı, formatı çox xoşuma gəldi. Böyük kitabları oxumurlar. Mən axırıncı dəfə İrəvanda 1987-ci ilin noyabrında olmuşam. Hələ o vaxt ortaq əhval-ruhiyyələrindən nəyinsə baş verə biləcəyini sezmək mümkün idi. Erməni tarixçiləri daim əyri yollarla gediblər. Deyim ki, hətta Ön Asiyaya da ermənilər gəlmədilər. Mənim də yaxşı tanıdığım böyük tarixçi var idi – İ.M.Dyakonov. O da bunu öz kitabında sübut edib. Ermənilər hind-Avropa dil qrupuna məxsus xalqdır. Dilləri bir qədər yunan dilinə yaxındır. Görünür, nə vaxtsa, yunanlarla qonşuluqda yaşayıblar. Ola bilsin ki, onlar e.ə. II minillikdə köçüb Ön Asiyaya gəliblər. Ona görə də mən həmişə deyirəm, mövcud faktların hamısı bizim xeyrimizədir və bizə əlavə rəng lazım deyil. Hətta ermənilərin yazdıqları faktlar da bizim xeyrimizədir. Onların bura köçürülməsinin təşkilatçısı olan A.Qriboyedovun əsərləri az qala dünyanın bütün dillərinə tərcümə olunub. Orada ermənilərin bizim ərazilərə köçürülməsi, bunun üçün nə qədər pul ayrıldığı, nə qədərinin ermənilər tərəfindən mənimsənildiyi təsvir olunub. Həm də onların xəstələnməmələri üçün dağ adamlarını dağ yerinə, aran adamlarını isə arana köçürmüşdülər. Halbuki 1950-ci illərin əvvəllərində azərbaycanlıları dağ yerindən aran bölgəsinə köçürmüşdülər.

 

Mən “Ermənilər Cənubi Qafqazda” kitabını çox bəyənirəm. Biz ancaq faktlara əsaslanmalıyıq. Bəzən bizdə “erməni xaçı” ifadəsindən istifadə olunur. Mən hətta mütəxəssislərə də dəfələrlə deyirəm ki, bu ifadədən istifadə qətiyyən yolverilməzdir. Çünki 7-ci əsrin əvvəllərində bizdə kilsə monofizitliyə keçib. Ona görə də alban kilsəsinin xaçı və erməni kilsəsinin xaçı eynidir. Məsələn, Qəbələ rayonunun Nic kəndindəki kilsədəki xaçla Qandzasardakı xaçı tutuşdurun – eynidir. Qandzasar bizim alban katolikosluğunun mərkəzi idi. Mən 1988-ci ilin mayında orada olmuşam. Bir çox alban katolikoslarının qəbri də oradadır. Azərbaycan ərazisindəki bütün abidələr, eləcə də xristian abidələri Azərbaycana məxsusdur. Türkiyəyə baxın. Onun ərazisində Het, Urartu, Lidiya, yunan şəhər-dövlətləri olub. Bu dövlətlərin hər birinə məxsus abidələri mühafizə edirlər və ondan da gözəl gəlir əldə edirlər. Mən İspaniyada, Alqambriyada olmuşam. Ərəb dövründən qalma məscidin yalnız divarı qalıb. Amma dedilər ki, keçən il buraya 2 milyon turist gəlib.

 

1828-c ildə Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra əhalinin siyahıya alınması aparılıb. Rusiyanın Sankt-Peterburqda bu ölkənin hərbi-topoqrafik xəritələri var.   1908-ci ildə çıxan xəritədə indiki Ermənistan ərazisindəki bütün yer adları, toponimləri Azərbaycan dilindədir. Sevan gölünün də adı Göycə gölü kimi yazılıb. İndi 1903-cü ildə çıxan xəritəni bir qədər tərcümə ediblər. Mən istərdim ki, onlar elə rus dilində olsun. Müzakirə mövzusuna qayıdaraq, yenə deyirəm: əlbəttə, bizə böyük kitablar da lazımdır, amma bu formatda kitablar daha çox vacibdir. Muzeylərə qoyulub, gələnlərə paylanmalıdır. Ona görə də bu kitabın çıxmasını alqışlayıram.

 

 

Fuad Babayev: Bu kitabın formatı, məzmunu ilə yanaşı, istinad nöqtələrinin qeyri-azərbaycanlı, neytral müəlliflərin əsərlərinə söykənməsi də bu onun əhəmiyyətini artırır. Gələcəkdə belə kitablar əcnəbi soyadlı adamlar tərəfindən yazılsa, effekti daha böyük ola bilər. Yeri gəlmişkən, 1905.az saytında bu kitabı həm PDF formatda yükləyib, baxmaq olar, həm də səhifələmək.

 

Aqil Şahmuradov: Düzü, biz istəyirdik ki, müzakirələrdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültələrindən də nümayəndələr iştirak etsin. Lakin bu işlə maraqlananların olması da sevindiricidir və həmin şəxslərin bir qismi  də hazırda buradadır. Şəxsən mən belə düşünürəm ki, Qarabağ problemi, “erməni məsələsi” bu gün hamının əsas problemi olmalıdır. Mən bu yaxınlarda belə bir məlumat oxudum ki, ermənilərin Qarabağ problemi, Azərbaycan və Türkiyə ilə münasibətlərə dair yazdıqları kitab, buklet və albomların sayı 25 mindir. Bu nəhəng bir kitabxanadır. Bu təbliğat maşınının qarşısında dayana bilmək üçün bir an da osla, gecikməməliyik.

 

Məncə, Azərbaycan tarixşünaslığında iki metodoloji səhvə yol verilib. Birincisi, biz bu problemi qədim dövrlərdən başlayaraq tədqiq etməliyik. Erməni tarixçiləri yazırlar ki, Azərbaycan tarixçiləri ermənilərin bu bölgəyə 19-cu əsrdə gəldiyini söyləyir və sübut üçün Dağlıq Qarabağ ərazisindəki Marağa kəndində ucaldılmış abidəni göstərirlər. Və qeyd edirlər ki, onlar burada ən qədim dövrdən yaşayıblar, lakin türklər gəldikdən sonra bu ərazidən qovulublar. 19-cu əsrdə isə yenidən buraya qayıdıblar. Buna görə də bizim tədqiqatçılarımız qədim dilləri öyrənməlidirlər. Məsələn, Xorenasi ilə bağlı deyim ki, kifayət qədər Avropa müəllifləri bunun cəfəngiyyat olduğunu və sifarişlə yazıldığını söyləyiblər. Hayasa dövləti məsələsinə isə bizim tarixşünaslığımızda nədənsə heç toxunulmayıb. Bu dövləti ermənilər yalnız mexaniki uyğunluğa hay-Hayasa səslənməsinə əsasən, erməni dövləti elan ediblər.

 

 

İlyas müəllim onların gəlmə olduqlarını artıq qeyd etdi. “Armeniya” coğrafi termindir. İkincisi, isə biz  “ermənilər Türkmənçay müqaviləsindən sonra İrandan köçürüldülər” ifadəsindən istifadə edirik. Bu ifadə də səhvdir. Çünki onlar Cənubi Azərbaycan ərazisindən buraya köçürülüblər. Yoxsa biz Cənubi Azərbaycanı Azərbaycan hesab etmirik? Burada söhbət ermənilərin yerdəyişməsindən gedə bilər. Urmiya, Marağa, Xoy – bunlar da tarixi Azərbaycan ərazisidir. Buna görə də biz araşdırmalarımıza e.ə. III-II minilliklərdən başlamalıyıq. Ermənilər Azərbaycan torpaqlarına gəlmədir. Türkmənçay müqaviləsindən sonra Rusiya özünə düşən ərazilərdə etnik vəziyyəti dəyişmək naminə ermənilərin yaşadıqları ərazilərin yerini dəyişdi. Köçürülmək ifadəsi isə düzgün deyil. “Köçürülmək” ifadəsi sovet taixşünaslığının terminologiyasıdır.

 

Xatırlayırsınızsa, SSRİ dağılan dövrdə Səhl ibn Smbatın Babəki satmasını “erməni olduğuna görə Babəkı satdı” kimi dəyərləndirirdilər. Sanki alban satqın ola bilməzdi. Səhl ibn Smbat alban knyazı və Şəki hakimi idi.  IX əsrdə erməni Şəkidə knyaz ola bilməzdi. Ona görə də belə məqamlara diqqət yetirilməsini mən çox istərdim. Tariximizin inkişafı naminə bəzi metodoloji məqamlara yenidən baxılmasına ehtiyac var.

 

Qorxmaz Mustafayev: Aqil müəllim bu əsəri ilə bir daha sübut etdi ki, dəyərli alim və vətəndaşdır. Bir problemi qədim dövrdən bu günə kimi işləyib ərsəyə gətirməyin özü çətin məsələdir. Ona görə də müəyyən dövrlər üzrə ixtisaslaşan alimlərin hərəsi məhz öz dövrünü tədqiq etməyə üstünlük verir. Sözsüz ki, geniş bir dövrü tədqiq edən Ziya Bünyadov, Süleyman Əliyarlı kimi alimlərimiz də var. Lakin gənc alimlərimiz bu məsələyə dərslik kimi yanaşsalar da, tədqiqat əsəri kimi çox da girişmirlər. Ona görə də “Ermənilər Cənubi Qafqazda” əsəri dəyərli kitabdır, Azərbaycan, ingilis və rus dillərində çap olunması isə problemlə tanış olmaq istəyənlərə daha geniş imkanlar yaradır. Bu kitabın digər əhəmiyyəti isə ondan ibarətdir ki, o, ermənilərin bu əraziyə gəlmə olduqlarını tarixi sənədlərlə sübut edir. Bizim bu sahə ilə məşğul olan çoxlu alimlərimiz var. Yaqub Mahmudov, Kərim Şükürov, eləcə də başqaları bu məsələlərlə yaxından məşğul olurlar. Doğrudan da çox vaxt ermənilərin Cənubi Azərbaycandan bu ərazilərə köçürüldüyü deyilir. Bəs Cənubi Azərbaycana onlar haradan gəlmişdilər? Onlar buraya Van, Akdamar istiqamətindən gəlmişdilər. Oradan da tədricən Rusiyaya, Şimali Azərbaycana keçmişdilər. Yəni demək istəyirəm ki, elə anlaşılmasın ki, Qarabağ problemi araşdırılmır. Araşdırılır, sadəcə olaraq koordinasiyamız bir qədər zəifdir. Məsələn, tutaq ki, biz burada özümüz bir istiqamətdən araşdırma aparırıq, AMEA-nın Tarix İnstitutu başqa istiqamətdən, hansısa universitet isə müstəqil olaraq digər istiqamətdən. Bu da müəyyən rəqəmlərlə bağlı uyğunsuzluqlar yaradır. Məsələn, tarixi abidələrimizlə bağlı. Biri tutaq ki, əsas rəqəm kimi 999 səsləndirir, digəri 1250. Tariximizdə müəyyən faktlarla bağlı eyni fikirləri söyləməliyik. Məsələn, qaçqın və məcburi köçkünlərin sayı ilə bağlı uzun müddət eyni rəqəm deyilmirdi. Yalnız bu son illərdə bunu dəqiq müəyyənləşdirmək mümkün oldu. Hərəmiz bir rəqəm söyləyəndə, qarşıdakı tərəfi də inandıra bilmirik. Bu cəhətdən koordinasiyaya böyük ehtiyacımız var. Mən özüm Qarabağ xanlıqları dövrünü araşdırmışam. Ona görə də Qarabağ ərazisində ermənilərlə bağlı bəzi faktları deməyi özümə borc bilirəm. Xanlıqlar dövründə Qarabağ ərazisində ayrı-ayrı erməni kəndləri var idi. Bunlar müəyyən işlə, yaxud xəstəliklər, müharibələr dövründə köç edərək burada məskunlaşan insanlar idi. Ermənilərin və bəzi rus tarixçilərinin də məliklikləri dövlət səviyyəsinə qaldırmaları, onları erməni məliklikləri elan etmələri düzgün deyil. Əslində bu məlikliklərin erməni adlandırılması ilə bağlı faktlar çox azdır. Konkret fakt tələb edəndə nəyəsə istinad edirlər, amma heç kim kökünə getmir.

 

Simon İravanes adlı Eçmiədzin keşişi var. 1763-80-ci illərdə katolikos olub. Qarabağ və Gəncə ermənilərinin Eçmiədzinə vergi vermələrini tələb edəndə, Qarabağ və Gəncə xanlarına məktub göndərib. Rədd cavabı aldıqdan sonra, bu dəfə eyni xahişlə İrakliyə məktub yazıb ki, Qarabağ və Gəncə xanlarına təsir göstərsin. Simon İravanesin xatirələrinin giriş hissəsində qeyd olunur ki, Qarabağ və Gəncə kilsələrindən ona yazıblar ki, xristiandırlar, amma etnik cəhətdən erməni deyillər. Ona görə də ağvan olduqlarından, Eçmiədzinə vergi vermələri doğru deyil.  Simon İravanes bunun əksini sübut etməyə çalışır. Bu fakt bir daha göstərir ki, Qarabağın xristian əhalisi Rusiya işğalınadək özlərini erməni hesab etməyib. Bəzən müsəlman hökmdarlarının zülmkar, xristianların qanlarını içdiklərini elan edirlər. Halbuki Rusiya işğalınadək burada alban əhali var idi. Lakin Rusiya işğalından sonra sanki albanlar “buxarlandı”lar. Sadəcə olaraq onlar erməniləşdirildilər.

 

Albanlar din etibarilə xristian idilər, amma türkcə danışırdılar. Bu əhali 1804, 1813, 1824, 1828-ci illər müharibələrində dağlıq əraziyə, Laçın, Kəlbəcər, Daşkəsənə dağıldı. Dağlıq ərzailərdə dini baxışlar zəif idi. Həmin alban əhali də xristianlıqdan imtina edərək, öz dilini mühafizə etdi. 1828-ci ildə Yermolovun Qaladərəsi kəndi ilə bağlı fərmanı var. Deyilir ki, bu kəndin xristianları farslarla (türkləri nəzərdə tutur) birgə onlara qarşı vuruşduqlarından cəzalandırılmalıdırlar. Eyni zamanda oraya ruslara sadiq olan köçürülmüş erməniləri yerləşdirmək nəzərdə tutulurdu. Başqa sözlə, xristian kəndi olsa da, əhalisi türkcə danışırdı və qısa müddətdə kəndin əhalisi xristian erməni əhalisi ilə dəyişdirildi. Qarabağ məliklərinin I Pyotrla yazışmaları, ermənicə danışmaları ilə bağlı faktlar yoxdur. Məktublar sadəcə kilsədə yazılırdı. Kilsə xadimləri isə Eçmiədzində təyin olunurdu.

 

1771-74-cü illərdə Peterburqdan gəlib, Dərbənddən keçib, Tiflisə gedən alman səyyahı Kalkstauzenin əsərlərini tədqiq edən Bunaşer yazır ki, Qafqazda bütün dillərin adı çəkilir, amma erməni dilinin adı yoxdur. Halbuki, tatar (türk), abxaz, çeçen, ləzgi, gürcü, ümumilikdə 7 dil sayır. Bu göstərir ki, toplum halında erməni etnosu Qafqazda elə bir əhəmiyyətli mövqe tutmurdu. Elə Şavrovun 1897-ci il əhalinin siyahıya alınmasına istinad edərək yazır ki, burada yaşayan 1 milyon 300 min erməninin 1 milyon yüz minini onlar köçürüblər. Deməli, bura köçürülən ermənilər Qarabağda, İrəvanda, Naxçıvanda, Dağlıq Şirvan bölgələrində yerləşdirildilər. Həmin ərazilərdə isə alban abidələri var idi. Və elə həmin abidələri də öz adlarına çıxdılar. Elə 15-ci əsrdə də Qaraqoyunlu hökmdarı Cahan şah uçub-dağılmaqda olan Eçmiədzini Akdamardan buraya köçüb gələn keşişə vermişdi. Həmin keşiş də Eçmiədzin kilsəsini təmir etdirdi, 1639-cu ildə onun albanlara uyğun mehrabı sökülüb, yenidən tikdirildi. Bunu biz demirik, bu haqda rus və Avropa mənbələri xəbər verir. Eçmiədzinin ətrafında da Van, Akdamar istiqamətindən köçüb gələn erməni ailələri məskunlaşdı və bu proses zamanla daha da sürətləndi. Simon İravanesin əsərində də qeyd olunur ki, onlar burada yaşayan kolanı və ayrım tayfalarını şaha rüşvət verməklə qovdurublar. 1727-ci il siyahıya alınmasında Gəncə ətrafındakı xristian kəndləri ermənilər kimi qeydə alınsa da, Qarabağdakı xristian kəndlərinin sakinləri elə xristianlar kimi qeydə alınıblar. Ermənilər Azərbaycan ərazisində xristian adı gedən bütün sənədlərdə “xristian” sözünü “erməni” sözü ilə əvəz ediblər.

 

İlyas Babayev: Bizim camaat bəzən Nic kəndindən olan ermənilərə də zarafatla “erməni” deyə müraciət edirlər. Halbuki onlar erməni deyillər. Həm də maraqlıdır ki, Nic udinləri monofizit, Oğuz udinləri diafizit, pravoslavlardır. Milliyətcə udin olan tanınmış tarixçimiz Voroşil Qukasyan danışırdı ki, onların soyad sonluqlarına yalnız 1930-cu illərdə “yan” sonluğu atılıb. O vaxta kimi soyad sonluqları “ari” ilə bitirmiş, məsələn  – Voroşil Qukasari.  Məşhur erməni alimi Yeremyan mənə danışırdı ki, onu ermənilər sevmirlər. Çünki o bildirirdi ki, Qarabağda ermənilər deyil, albanlar yaşayıblar. Bizim tarixçilərimizə qədim erməni, gürcü, yunan dillərini öyrənmək hava-su kimi lazımdır. Məsələn, ermənilər iddia edirdilər ki, Kürdən aşağı ermənilərin əraziləri olub. Amma yunan mənbələrində vurğulanır ki, Kür Albaniyanın içindən axıb keçirdi. Bunu deyəndə onlar əlacsız halda əllərini yuxarı qaldırırlar.

 

Namiq Əsədov: Elə gözəl müzakirə gedir ki, həm zövq verir, həm də məlumatlanırıq. “Erməni məsələsi” bizim elə bir ağrılı yerimizdir ki, danışdıqca bitmir. Problemlər sanki bir-birini çəkib gətirir. İ.Dyakonovdan İ.Əliyevədək tarixçilər qeyd edirlər ki, ermənilər Balkanlardan gələn xalqdır. Biz tarixə baxanda görürük ki, Osmanlıya qarşı ən çox çıxan və qiyam edən xalqlar yunanlar və bolqarlar olub. Görünür, ermənilər daha çox həyasızlıq etdiklərindən, onları oradan sıxışdırıb, çıxarıblar. Ermənilər İrəvanı Erebuni adlandırır, həm də Urartunu öz dövlətləri olduğunu irəli sürürlər. Amma maraqlıdır ki, Urartu mənbələrində bu günkü İrəvanın ərazisi düşmən torpağı adlandırılır. İqrar Əliyevin təbirincə desək, deməli, əgər Urartu erməni dövlətidirsə, İrəvan erməni şəhəri deyil, İrəvan erməni şəhəridirsə, Urartu erməni dövləti deyil. Təbiidir ki, indiki Azərbaycan ərazisindəki ermənilər də köçürmələrdən sonra meydana gəlmişdilər.

 

Maraqlıdır ki, 1804-1813-cü illərdəki I Rusiya-İran müharibəsi zamanı ruslar erməniləri buraya köçürmək fikrində deyildilər. Kürəkçay müqaviləsində Qarabağ və Şəki xanlıqlarına muxtariyyət verməklə, Rusiya buradakı xalqı qoruyub, saxlamaq istəyirdi. Çünki imtiyazlarını itirməmək üçün əhali kütləvi miqrasiya edir, köçüb İrana gedirdi. Məsələn, Qarabağda bir il ərzində əhalinin sayı 10 min ailədən 3 min 80 ailəyə düşümüşdü. Bu fakt rusları çox möhkəm narahat edirdi. Hətta Gülüstan müqaviləsini imzalayan Rtişşevin raportlarından görünür ki, nə qədər  əhalini geri qaytara biliblər. II Rusiya-İran müharibəsindən sonra Yermolov, Mədətov, Qriboyedov, Lazarev ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsinin memarları oldular. Onlar inandıra bildilər ki, Qafqazda ermənilər Rusiya üçün daha əlverişlidir, nəinki azərbaycanlılar. Həm də əhalinin Rusiya işğalına qarşı çıxması, üsyanlar törətməsi rusları bir daha inandırdı ki, onların dini bir, danışdıqları dili öyrənəcək bir xalqa ehtiyacları daha çoxdur.  Hətta bəzi mənbələrə görə, Rusiya bu əraziyə erməniləri deyil, Don kazaklarını köçürmək istəyib. Lakin Qriboyedov Don kazaklarının döyüşkən ruhlu və daha az itaətkar olduqlarına Çar I Nikolayı inandıra bilib. Həm də onlar öz torpaqlarından köçürülməyə etiraz edə bilərdilər. Üstəlik də həm İrana, həm də Osmanlıya xəyanət etmiş ermənilərin İran və Osmanlı hakimiyyəti altında yaşamağa davam etmələri arzuedilməz sayılmışdı. Köçürülmədən sonra da Rusiyanın ərazimizdə formalaşdırdığı inzibati və iqtisadi idarəetmədə ermənilər fəal roy oynayırdı. Bunu fransız tədqiqatçısı Lurye də təsdiq edir. Elə həmin Lurye həm rusları, həm də erməniləri Qafqazda yadelli adlandırırdı.

Namiq Kərimov: Mən Aqil müəllimin bu kitabını alqışlayıram. Çox vaxtında görülmüş bir iş kimi qiymətləndirirəm. Bayaq Aqil müəllim də vurğuladı ki, artıq Ermənistanda bu mövzuda bir neçə min adda kitablar, bukletlər, jurnalla işıq üzü görüb. Dövrümüz informasiya dövrüdür. Kim daha çox informasiya götürür və onunla məharətlə davranırsa, qazanan tərəf də o olur. Bu baxımdan Azərbaycana gələn hansısa bir şəxsə 500-600 səhifəlik, üstəlik Azərbaycan dilində olan kitabın təqdim olunması mənasızdır. Amma müzakirəsinə toplaşdığımız kitabın formatı və dilləri informasiyanın çatdırılması baxımından çox düzgün seçimdir. Qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Ermənistanda çoxlu nəşrlər buraxıldı. Hamsısnın da birinci səhifəsində Tələt paşanın guya imzaladığı fərman yer almışdı. Bu fakt da çoxlu müzakirələrə yol açdı. Məlumdur ki, Osmanlı dövləti uzun müddət dini qanunlarla idarə olunub. Bütün yazılar “Mərhəmətli və rəhmli Allahın adı ilə” ifadəsilə başlanırdı. Təsəvvür edin ki, fərmanın birinci cümləsində 8 səhv var. 600 illik dövlətçilik tarixinə malik dövlətin rəsmi sənədinin birinci cümləsində 8 səhv olması düşünməyə vadar edir. Deməli, bu sənədin özü saxtadır.

 

Mən də Aqil müəllimin dediyi metodologiya məsələsinə toxunmaq istəyirəm və buna diqqətlə yanaşmalıyıq. Mən özümdə yenicə elmi işimi müdafiə etmişəm. Amma sanki 1970-80-ci illərdəki elmi işlərlə 2014-2015-ci ildə müdafiə edilmiş elmi işlərin tədqiqat üsulları arasında kəskin fərq görmürəm. Biz rusların bizə “pərçim” etdiyi tədqiqat üsullarından uzaqlaşa bilməmişik. Bəzi tarix məktəblərində deyilir: “Tarixdə nəyin baş verməsi maraqlı deyil, əsas odur ki, onu necə çatdırırsan”. Bu gün bizim tədqiqat üsullarımız dünyadakı tədqiqat üsulları ilə uyğunlaşırmı? Dini məsələ ilə bağlı İlyas müəllim və Qorxmaz müəllim fikirlərini bildirdilər. Amma etnosun mənsubluğu çox faxt dil faktoru ilə müəyyənləşir. Amma din də az rol oynamır. Əsrin əvvəlində biz həm milliyyətimizi, həm də dinimizi müsəlman milləti və dini kimi xarakterizə edirdik. Amma dini özüdərk bizi etnik özünüdərkə gətirib çıxardı. Mən ermənilərin köçürülməsi məsələsinə toxunanda I Pyotrun vəsiyyətindən də danışmaq istərdim. Mən bildiyim qədərilə Pyotr çox xəstə yatmayıb. Xəstə olduğu müddətdə isə danışa bilməyibsə, vəsiyyətini necə yazıb?

 

Aqil Şahmuradov: Həmin vəsiyyətin həqiqi olması da şübhə doğurur.

 

Namiq Kərimov: Ermənilərin fəaliyyəti hansısa bir ərazinin tutuımasına deyil, dövlətimizin təhdid edilməsinə yönəlib.

 

İlyas Babayev: Ermənilərin bir çox hallarda öz torpaqlarını qoyub qaçmaları onların öz hərəkətləri ilə bilavasitə bağlı olub. Məsələn, onlar Türkiyə ərazisində qadınlara, qocalara, uşaqlara qarşı elə murdar qətllər törədiblər ki, belə hərəkətlər bağışlanmır. Özləri də bunu anladıqlarından qaçmaq məcburiyyətində qalıblar. Elə Qarabağda törədilənlərlə bağlı Zori Balayanın kitabını oxuyanda görürsən ki, bu hərəkətləri bağışlamaq mümkün deyil. Biz isə daim öz tolerantlığıəmızla fəxr etməkdə haqlıyıq və bu tolerantlığın da tarixi çox qədimdir.

 

Namiq Əsədov: Mən də İlyas müəllimin fikirləri ilə razıyam. 1877-1878-ci il Rusiya-Türkiyə müharibəsindən sonra Türkiyənin bir hissəsi Rusiyanın əlində qaldı. Rusiyanın Vandakı konsulu Mayevskinin xatirələri maraqlıdır. O yazır ki, ən vəhşi vəziyyətdə olan minlərlə erməni görüb. Amma dillərdə guya dastan olan türk vəhşiliyi ilə heç vaxt qarşılaşmayıb.

 

Fuad Babayev: Mən istərdim ki, tarixçi Dəyanət Musayevi də dinləyək.

 

 

Dəyanət Musayev: Mən bir fakt barəsində danışmaq istəyirəm. 2-3 il bundan öncə, Bakıda Avronestin tədbiri keçiriləndə həmin təsisatda Azərbayan nümayəndə heyətinin rəhbəri, milltə vəkili Elxan Süleymanovun təşəbbüsü ilə maraqlı və nəfis şəkildə çap olunmuş bir kitab buraxılmışdı – “Tarixi Azərbaycan dövlətləri”. Avronestə daxil olan ölkələrin dövlət dillərində buraxılmış bu kitab tədbir iştirakçıları olan erməni deputatlarına da təqdim olunmuşdu. Gecədən xeyli keçmiş Bakıya çatan bu insanlar kitab əllərinə keçən kimi elə gecə ilə onu təhlil etmiş, hədyanlarla dolu  bir yazı hazırlayıb erməni saytlarına göndərmişdilər. Səhər tezdən artıq bir neçə erməni saytı bu yazını dərc etmişdi. Düzü, onların bu operativliyi məni çox təəccübləndirmişdi. Şəxsən belə bir hadisə ilə mən üzləşsəydim, yəqin ki, düşünərdim ki, geriyə qayıdan  kimi bu kitabla bağlı bir yazı hazırlayaram.

 

Fuad Babayev: Xatırlayıram ki, məqalə müəllifinin adı və soyadı “Nikolay Melkumov” kimi göstərilmişdi. Görünür, bu, Bakıya gəlmiş erməni deputatlarından hansınınsa niki idi.

 

Dəyanət Musayev: Ermənilərin belə bir prinsipi var. Yalanı iki gün gündəmdə saxlayırlar, bundan sonra onu təkzib etmək üçün heç iki yül il də yetərli olmur. Ona görə də “erməni soyqırımı” ilə bağlı səsləndirdikləri rəqəmlərin üstündən təbəssümlə gedirsən ki, siyahıyalamaya görə, o dövrdə Türkiyədə 1 milyon 200 min erməni olduğu halda, necə milyon yarım erməni öldürülə bilər? Amma onlar bu yalanlara dünyanı inandıra biliblər.

 

Fuad Babayev: Elşən müəllimi dinləyək.

 

 

Elşən Məcidov: Mən Dağlıq Qarabağ problemini nəzəri cəhətdən araşdırıram. Burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nələri demək lazım olduğu ilə bağlı söhbətlər də getdi. Biz bəzən rəsmi danışıqlarda qeyd edirik ki, Azərbaycan Respublikası ərazisinin 20 faizi ermənilər tərəfindən işğal olunub. Ancaq digər mənbələrə və hesablamalara fikir versək, Azərbaycanın 11 min 797 kvadrat kilometr ərazisi işğal olunub ki, bu da ümumi ərazinin 13,62 faizi edir.  Amma belə demək də doğru deyil. Çünki semantik və simvolik cəhətdən 13 faiz ərazinin 1/7-dir və 10 rəqəminə daha yaxındır.  20 faiz isə ümumi ərazinin 1/5-ni təşkil etdiyindən, beynəlxalq görüşlərdə daha əhəmiyyətli və məhsuldar danışıqlara rəvac verə bilər. Həm də 13,62 faiz də hələ tam dəqiq rəqəm deyil. Digər tərəfdən qaçqın və məcburi köçkün amili var. Hazırki statistikaya görə, Azərbaycanda 1 milyon 200 min 500 nəfər qaçqın var. Bunların 350 mini Ermənistandan qovulan qaçqınlardır, 60 mini Orta Asiyadan gələn qaçqınlardır, 1500 nəfər də siyasi görüşlərinə görə Azərbaycandan qaçqınlıq statusu istəyən şəxslərdir. 789 min nəfər isə məcburi köçkündür. Onların məcburi köçkünlüyü sırf Azərbaycan qanunları ilə təmin olunur. Buna görə də beynəlxalq danışıqlarda bu insanları müxtəlif klassifikasiyalara bölməməliyik. Üçüncü məqam “Dağlıq Qarabağ müaqişəsi” ifadəsi ilə bağlıdır. Münaqişə sözünü linqvistik cəhətdən araşdırsaq, destruktiv elementlər var. Biz müxtəlif siyasətçilərdən, vasitəçilərdən eşidirik ki, münaqişənin həlli ilə bağlı həm Ermənistan, həm də Azərbaycan güzəştə getməlidir. Çox parodoksal görünür: ərazilərimizi işğal ediblər, üstəlik güzəştə də getməliyik. Çünki Azərbaycan dilində istifadə olunan münaqişə sözü ilə xarici dillərdə işlənən münaqişə sözü fərqli anlayışlardır. Biz ingilis, alman, fransız dillərində münaqişə sözünü araşdırsaq, görərik ki, bu anlayış iki və daha çox tərəfin iddia etdiyi obyektlə bağlı işlədilir. Buna görə də xaricilər Qarabağa həm ermənilərin, həm də azərbaycanlıların hüququ çatan bir ərazi kimi baxırlar. Söhbət ancaq ondan gedir ki, kimin hüququ daha çoxdur? “Münaqişə” sözü formuladan çıxarılsa danışıqların daha məhsuldarlığına ümid etmək olardı.

 

Fuad Babayev: Çox sağ olun, Elşən müəllim. Xatırladım ki, müzakirəsinə yığışdığımız kitabın ön sözünün müəllifi, Şamaxının millət vəkili Elxan Süleymanov AŞPA-da Dağlıq Qarabağla bağlı iki qətnamə layihəsi irəli sürmüşdü. “Azərbaycanın sərhədyanı bölgələrinin əhalisinin sudan məhrum olunması” haqqında Sərsəng problemi ilə bağlı qətnamə layihəsi qəbul olundu.

 

Elxan müəllim də “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən imtina edərək, bunun Azərbaycana qarşı təcavüz olduğunu hər zaman vurğulayır.

 

Mən bu günkü müzakirələrdə fəal iştirakınıza görə, hər birinizə minnətdarlığımı bildirirəm.  

 

Hazırladı Gündüz Nəsibov, 1905.az

Material ilk dəfə 17 fevral 2016-cı ildə dərc edilib.

Leave a Reply