İlyas Babayev haqqında, gözəl insan, vətəndaş, alim, çox peşəkar arxeoloq, dost haqqında yazmaq asan deyil. Biz uzun illər dost olmuşuq. Mən onunla ilk dəfə 1960-cı ildə, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində tanış olmuşam. Bizi komsomol dostluğu birləşdirirdi. O yuxarı kursda oxuduğuna görə, rus bölməsinin birinci kursunda, bizim qrupun kuratoru idi. İlyas Babayev yaxşı təsir bağışlayırdı.  Ciddi, düz, mehriban adam idi. Sonralar mən İlyası Elmlər Akademiyasının əməkdaşı, ciddi tədqiqatçı, tələbkar arxeoloq kimi tanıdım. İnstitutda görüşəndə biz öz təəssüratlarımızı bölüşərdik. Qafqaz Albaniyası Tədqiqatları Mərkəzinin xətti ilə albanistika üzrə beynəlxalq konfranslar keçirəndə, təbii ki, İlyas Babayev bu konfranslarda fəal iştirak edirdi.

İlyasın həyatdan vaxtsız getməsi Azərbaycan tarix elmi və arxeologiyası üçün böyük itkidir. Bir şey şübhə doğurmur: İlyas Babayev Azərbaycan tarix elmində, dostları və həmkarları arasında əvəz olunması mümkünsüz işıq və iz qoyub. Gözəl insan, vətəndaş, alim –arxeoloq İlyas Babayevin ruhu şad olsun.

Fəridə Məmmədova,

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Leave a Reply