Mənim İlyas Babayev adlı arxeoloqla ilk tanışlığım qiyabi şəkildə, rusiyalı mütəxəssislərin onun haqqında danışması zamanı baş vermişdir. Bakıya qayıdaraq başqa bir tarixi məsələnin öyrənilməsinə başlayarkən mənim elmi məsləhətçim-akademik İqrar Əliyev-Roma mənşəli tapıntılarla bağlı professor İlyas Babayevlə danışmağı mənə məsləhət gördü.
İlyas müəllim məni olduqca xoş ovqatla dinlədi və dərhal iki Roma sikkəsi göstərdi. Bunlar Yuli Sezarın və Publi Klodinin onun tərəfindən Qəbələdə hələ 1978-ci ildə aşkar edilmiş gümüş denariləri idi. İlyas müəllim Roma mənşəli tapıntıların elə də çox olmadığını mənə dərhal deyərək, mövzunun genişləndirilməyi barədə düşünməyi və Qafqaz Albaniyasının öyrədilməsinin də əlavə edilməsini məsləhət gördü. Nəticədə elə də oldu.
Sonralar İlyas müəllim mənə uyğun olan çap materiallarını tövsiyə edir və verirdi. Bütün bunlar daim tarix, arxeologiya, ədəbiyyat, incəsənət və s üzrə geniş məlumatlarla müşaiyyət olunurdu. Onun erudisiyası doğrudan da çoxşaxəli idi.
Bir dəfə növbəti görüşümüz zamanı İlyas müəllim çoxdan bəri qazıntıların aparılmadığına görə yeni tapıntıların olmamasından şikayətləndi. Mən bunu eşitdikdən sonra, gələcək layihələrin müzakirəsi zamanı bu məlumatı SEBA (Seul-Bakı) Azərbaycan-Koreya mədəniyyət mübadiləsi assosiasiyasının sədri Ruhəngiz xanım Heydərovanın nəzərinə çatdırdım. Ruhəngiz xanım bizim arxeoloqları dəstəkləmək, sonradan isə Koreya mütəxəssislərini də əməkdaşlığa dəvət etmək qərarına gəldi. İlyas Babayevin elmi nüfuzunu və tövsiyələrini nəzərə alaraq, arxeoloji layihənin obyekti Qafqaz Albaniyasının paytaxtı- Qəbələ şəhəri oldu.
Nəticədə SEBA Assosiasiyasının maddi və təşkilati dəstəyi ilə 2005-ci ildən etibarən, 15 illik fasilədən sonra İlyas Babayevin rəhbərliyi altında Qəbələnin arxeoloji tədqiqinin yeni mərhələsi başlandı. 2009-cu ildən etibarən ekspedisiyanın işinə Koreya qrupu da qoşuldu. Ekspedisiyanın səmərəli fəaliyyəti məqsədi ilə o dövrdə Azərbaycanda yeganə olan, beynəlxalq standartlara cavab verən arxeoloji mərkəz yaradıldı. Hal-hazırda Qəbələ arxeoloji ekspedisiyasının 2005-2016-cı illərdəki fəaliyyətinin nəticələri Bakıda və Seulda müvafiq nəşrlərdə dərc edilmişdir. Aydındır ki, belə bir ekspedisiyaya – böyük beynəlxalq komandaya – rəhbərlik etmək çətin bir iş idi.
Ekspedisiya zamanı (başqa vaxtlarda da) İlyas müəllim Qəbələ haqqındakı hər bir söhbətini Roma alimi Böyük Plininin “Təbii tarix” adlı I əsrə aid ensiklopedik kitabında Kabalakanın (Qəbələnin) adının yazılı şəkildə ilk dəfə çəkilməsi haqqında olan sözlərlə, çox vaxt da latın dilində başlardı. Plininin adının belə tez-tez çəkilməsi bizim öz aramızda zarafatla İlyas Babayevi -“Plini” Babayev kimi adlandırmağımıza gətirib çıxardı. İlyas müəllimin bu yeni “adı” sözsüz ki, onun ensiklopedik biliklərinin səviyyəsinə də uyğun gəlirdi.
İndi aydın olur ki, Böyük Plininin Qəbələ haqqındakı “Pvaevalent oppida Albaniae Cabalaca”(H.N.VI.29) sözlərinin təkrarlanması-həmçinin İlyas müəllimin öz dinləyicisinə real tarixi mənbə ilə bağlı məlumat çatdırmaq istəyi idi. İlyas Atababa oğlu Babayevin fəaliyyətinin yüksək qiymətləndirilməsi onun 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilməsi ilə də təsdiqləndi…
İradə M Nəcəfova,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru