Maral POLADOVA 
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev 82 il öncə Azərbaycanın dilbər guşələrindən birində – Quba rayonunun Xanagah kəndində, çox sadə və zəhmətkeş bir ailədə dünyaya göz açmışdı.

Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf etdiyindən, bir çox məhrumiyyətlərə sinə gərmək düşmüşdü qismətinə. 3 yaşında ikən atasız qalsa da, anası Əsmər xanımın fədakarlığı nəticəsində gələcək həyat yolunu düzgün seçmişdi. Çünki çətinlikləri təkbaşına dəf etməyə çalışan zəhmətkeş ana oğlunun uğurlu gələcəyini yalnız oxumaqda görmüşdü. Ona görə də İlyas müəllim həmin dövrü xatırlayarkən qazandığı uğurların səbəbkarı olan anası Əsmər xanımı və onda arxeologiyaya sonsuz həvəs oyatmış böyük alim Saleh Qazıyevi də daim minnətdarlıqla yad edirdi… 

O, vaxtilə Azərbaycan Dövlət Universitetində əlaçı təqaüdü almağını və tələbə yataqxanasında yaşamağını da özü üçün çox böyük xoşbəxtlik sayırdı. Universitetə sənəd verərkən Tarix fakültəsini seçməyinin səbəbini isə belə açıqlamışdı: “…mənim doğulduğum Xanagah kəndinin hər qarışı, hər daşı bir tarix idi, hara ayağını atsan, pir idi, ocaq yeri, ibadətgah idi. Hətta 5-10 il əvvəl kəndimizdə qopmuş bir ağacın kötüyü ilə üzə çıxan daş baltanın nə az, nə çox, – düz 5 min illik tarixi olduğunu demək kifayətdir. Mən ömrümü arxeologiyaya, daha doğrusu, Albaniya tarixinə həsr etsəm də, çox zəngin tarixi abidələri olan Şimal, o cümlədən, Quba rayonunu öyrənməyə vaxt ayıra bilmədim”.

Əməllərin dəyəri onların məqsəd və nəticələri ilə ölçülür, – demişdi Ulu Peyğəmbərimiz.

Düz 58 il əvvəl, universiteti bitirəndən sonra Azərbaycanın ilk milli kadrlarından olan tanınmış alim Saleh Qazıyevin rəhbərliyi ilə yaradılan Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqat işlərinə başlayan İlyas Babayev ömrünün axırınadək sevib-seçdiyi peşəsinə vurğunluqla sadiq qaldı və apardığı tədqiqatlar Qafqaz Albaniyası tarixşünaslığında istinad nöqtəsi kimi qəbul olundu. Həmin ekspedisiyaya Cənubi Koreya Respublikasından gəlmiş 30-dan çox arxeoloq da cəlb olunmuşdu.

İlyas Babayevin rəhbərlik etdiyi ikinci beynəlxalq ekspedisiya Şəmkir-Qaracəmilli ekspedisiyası idi. Almaniya və Gürcüstan alimlərinin də qatıldığı bu ekspedisiya Kür çayının sağ sahilində eramızdan əvvəl V-IV əsrlərə aid şəhər tipli yaşayış yerində, böyük sarayın və onun ətrafında digər ictimai binaların qalıqları aşkar etmişdir.

1962-ci ildə keçmiş SSRİ-nin elm və ziyalılar şəhəri sayılan Leninqradda (Sankt-Peterburq) təhsil alan İlyas Babayevin universitetin qədim yunan dili və mədəniyyəti üzrə görkəmli mütəxəssis, professor K.M.Kolobovanın yanında qədim yunan dilini öyrənməsi sonralar onun bir çox uğurlu tədqiqatlarının “açarı”na çevrilmişdi.

İlyas Babayev 1965-ci ildə “Azərbaycanın antik və orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərkən, hələ respublikamızda qliptika, straqistika üzrə mütəxəssis yox idi. Azərbaycanın müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan qiymətli daşlardan, şüşədən, pastadan və keramikadan hazırlanmış qliptika abidələri mütəxəssislər tərəfindən işlənilməmişdi. Cəmiyyətdəki əmlak bərabərsizliyinin, sinifli cəmiyyətin və dövlətin, iqtisadi-ticarət və mədəni əlaqələrin öyrənilməsinin mühüm əhəmiyyətini dərk edən İlyas Babayevin bu sahədəki fəaliyyəti onu respublikamızda tanınmış mütəxəssis səviyyəsinə ucaltmışdı. 1983-cü ildə SSRİ EA Arxeologiya İnstitutunda müdafiə etdiyi “Qafqaz Albaniyasının şəhərləri (e.ə. IV – e. III əsrlərində)” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında Azərbaycan ərazisində sinifli cəmiyyətin, şəhərlərin, dövlətin yaranması, sənətkarlıq, beynəlxalq ticarət əlaqələri, sikkə zərbi və s. problemlər hərtərəfli təhlil olunurdu.

Professor İlyas Babayev elmi axtarışlarla bərabər, həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, bir çox universitetlərdə “Arxeologiya”, “Qədim Şərq tarixi”, “Antik dünya tarixi”, “Avropa və Amerika tarixi”, “Roma hüququ”, “İslam hüququ” və s. fənlər üzrə mühazirələr oxumuş, həmçinin bir çox ali və orta məktəb dərsliklərinin – çoxcildlik “Azərbaycan tarixi”nin I-II cildlərinin, “Azərbaycanın numizmatikası”nın I cildinin, çoxcildlik “Azərbaycan ensiklopediyası”nın, “Naxçıvan ensiklopediyası”nın müəlliflərindən idi. Qafqaz və İranın antik dövr arxeologiyası üzrə dünya miqyasında tanınmış mütəxəssis sayılan və arxeologiya elmini keçmişə açılan pəncərə hesab edən İlyas müəllim, bu pəncərədən baxaraq, orada nəyisə axtarıb tapmaq üçün dərin biliklə bərabər, keçmişin qaranlıq səhifələrinə işıq saçan “açar”ı tapmağı əsas amil hesab edirdi. Bu baxımdan universitetdə oxuyarkən ərəbşünas alim Ələsgər Məmmədovun ərəb dili dərsliyindən bu dili mükəmməl öyrəndiyini tez-tez yada salırdı. İlyas müəllim müvafiq ədəbiyyatdan istifadə etməklə, həm də fransız dilini və sanskrit dillərini yüksək səviyyədə öyrənməyə nail olmuşdu. Elə bu dilləri öyrənməyinin hesabına o, sonralar antik dövr müəlliflərinin əsərləri ilə orijinalda tanış olmaq, antik mənbələrdə Azərbaycan tarixinə aid materialları öyrənmək, xüsusilə numizmatika sahəsindəki tədqiqatları zamanı həmin dillərdən lazımınca bəhrələnmək imkanı qazanmışdı.

İlyas Babayev Qafqaz Albaniyası haqqında maraqlı fikirlər söyləyirdi: “…Albaniya Şimali Azərbaycanın ərazisində yaranmış birinci müstəqil dövlət olub. Əlbəttə, cənubda Manna və digər dövlətlər var idi. Qəbələnin adı e.ə. I əsrdə çəkilir. Böyük Plininin adını çəkdiyi Qəbələnin harada yerləşdiyini 1967-ci ildə tapdım. Son iki ildə apardığım qazıntılardan məlum olub ki, burada daha qədim yaşayış sahələri varmış. İlk dəmir dövrünə aid böyük taxıl anbarları, onların dibində isə yanmış arpa tapmışdım…

Qafqaz Albaniyası, sözün bütün mənalarında Azərbaycan dövlətidir. Dövlətin  mərkəzi təxminən 800 ilə yaxın Qəbələ şəhəri olub. Albanlar bizim əcdadlarımızdır. Amma bir şeyi qeyd edim ki, Albaniya adının haradan götürüldüyü bəlli deyil. Bəzi mənbələrdə Albaniyanın “Albus” (latınca “ağ”) sözündən götürüldüyü deyilir. Görünür, bu söz burada yaşayan hündürboy, sarışın, ağdərili adamlara işarədir”.

Son illər Şəmkir rayonunun Qaracəmilli kəndi ərazisində aparılmış qazıntı işləri Əhəməni dövrünə aid möhtəşəm bir saray kompleksinin qalıqlarını aşkar etməyə imkan vermişdir.

Bu ekspedisiyalar zamanı xarici alimlərin iştirakı ilə aparılan qazıntılarda əsas prinsip ondan ibarət idi ki, tapılan bütün maddi mədəniyyət nümunələri heç vəchlə kənara çıxa bilməz. Elmi tədqiqatların nəticələrinin xarici elmi jurnallarda çap olunması isə ancaq Azərbaycanın tarixinin daha yaxından öyrənilib təbliğ edilməsinə yönəldilmişdir.

Dünyanın müxtəlif ölkələrində (Moskva, Kiyev, Afina, Ankara, Budapeşt, Seul, Geongu, Romo, Tbilisi, Mahaçqala) keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda maraqlı məruzələrlə çıxış edən İlyas Babayevin gördüyü işlər barədə hələ çox deyilib, çox yazılacaqdır…

Uzun illər öncədən (“Elm və həyat” jurnalında işləməyə başladığım vaxtdan) tanıdığım İlyas müəllimlə son vaxtlar daha tez-tez rastlaşırdıq. “Elmlər Akademiyası” metrostansiyasından AMEA-nın əsas binasının girişinə qədər olan yolu İlyas müəllim öz yaşına uyğun olmayan cəldliklə elə həvəslə gedirdi ki, sanki cavan elmi işçi təzə iş yerinə tələsirdi. Daim əlində gəzdirdiyi böyük portfeli isə onun əsl ziyalı görkəmini çox gözəl tamamlayırdı.

1935-ci ilin 23 mayında doğulmuşdu İlyas müəllim. 2017-ci ilin 28 dekabrında haqq dünyasına qovuşdu, doğma Xanagah kəndində torpağa tapşırıldı…

Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü, mehriban və səmimi insan, itkisi ilə barışa bilmədiyimiz İlyas Babayevin əziz xatirəsi onu tanıyanların və doğmalarının yaddaşında əbədi yaşayacaqdır.

 

https://525.az/site/?name=xeber&news_id=94016#gsc.tab=0

Leave a Reply