18 yaşıma kimi hər ad günümü təbrik edən, məni elmə aşiq edən və yönləndirən, azadlığın nə olduğunu və nə qədər müqəddəs olduğunu başa salan, öyrədən, getdiyi hər ölkədən mənə hədiyyələr alan, hər fürsətdə mənə açıqca yazan, həyatımla maraqlanan, məni heç bir şübhə olmadan, istər uğurlu olum, istər uğursuz olum, sevən insan idi. Mən gedib başqa ölkədə təhsil almaq istədiyimi deyəndə ən çox dəstək olan insan da babam idi. Bunu demək belə ürəyimi sıxır, ancaq axırıncı dəfə Bakıya gələndə babamın yasında qarşılaşdığım sevdikləri biləndə ki, mən onun nəvəsiyəm, məni tanıdılar. İş yoldaşları tez-tez işdə məndən danışdığını, mənim həyatım və gələcəyimlə maraqlandığını dedilər. Və mən həyatımda ilk dəfə anladım ki, həqiqətən də insanı heç bir şərt olmadan sevən doğmaları var. Həmişə qürur mənbəyim idi, həmişə də elə qalacaq.
Mən ancaq indi-indi başa düşürəm ki, insanlar ölümdən sonrakı dünyaya niyə inanırlar. İlk dəfədir ki, səmaya inanmağa və babamın hələ də yanımda, həyatımda olduğuna inanmaq istəyirəm. Bütün bunlar sonsuz fəlsəfi sualları yaradırsa belə, onun məndəki təəssüratları o qədər güclüdür ki, o mənimlə birlikdə, mənim qəlbimdə və düşüncəmdə həmişə yaşayır və yaşayacaq. Aforizm kimi söhbətarası istinad edərək istifadə etdiyim cümlələri və s.
Məndəki baba təəssüratı daha fərqlidir, çünki o təkcə baba rolunu canlandırmırdı mənim üçün, o həm də böyük intellektual şəxsiyyət idi və hələ də elədir mənim gözümdə. İndi öz təhsil həyatımdakı uğurumun ən böyük səbəbi odur, elmə və təhsilə babam sayəsində aşiq olmuşam.
Həqiqi bir elit, intellektual, ziyalı idi və həmişə də elə qalacaq. Bilərək ömrünün axrına kimi ifadəsini istifadə etmədim, çünki İlyas Babayev bir ömrün axırına kimi sığışdırılacaq bir həyat yaşamayıb. Onun şəxsiyyəti əbədidir, onun kimi insanlar ölmür, onun kimi insanların adı kitablarda, və insanların dillərində, ürəyində, fikirlərində qalır, yaşayır.
Allah sənə rəhmət etsin babacan, ümid edirəm ki, bir də rastlaşacağıq kainatın hər hansı bir nöqtəsində, əgər elə bir nöqtə varsa.
Şəhla Babayeva