Ömrünün çox hissəsini elmə qurban verən AMEA-nın müxbir üzvü İlyas Babayev haqqında zamanla yoldaş olub uzun-uzadı söhbət etmək olar. Sözün həqiqi mənasında arxeologiya elminin sirlərinə bələd olan, bütün fəaliyyətini Azərbaycan arxeologiyasının inkişafına və qaranlıq məsələlərinə aydınlıq gətirilməsinə həsr edən fenomenal bir şəxsiyyət. Eyni zamanda dərin biliyə və elmə malik bir alim kimi elm tarixinə möhür basan ziyalı insan.
Alimin elmi tədqiqatlarının əsasını antik dövr problemləri, xüsusilə Qafqaz Albaniyasının maddi mədəniyyətinin öyrənilməsi, şəhər mədəniyyətinin yaranması, formalaşması və dövlətin meydana gəlməsi məsələləri təşkil edir. O cümlədən İlyas Babayev son illər Azərbaycanda Əhəməni dövrü abidələrinin tədqiqi və elmi ictimaiyyətə çatdırılması, eyni zamanda bu mövzudan irəli gələn incə məqamlara, Azərbaycanın e.ə. I minilliyin ortalarında (e.ə. 550-330-cu illər) Əhəmənilər imperiyasının satraplığına daxil olması kimi tarixi faktlara arxeoloji dəlillərlə aydınlıq gətirmişdir. Yüzlərlə elmi əsərin müəllifi olan İlyas Babayev postsovet məkanında, həmçinin Avropa və Asiyanın bir çox ölkələrinin yüksək elm dairələrində ciddi alim kimi tanınırdı.
İlyas Babayevin elmi yaradıcılığının böyük bir hissəsi çöl tədqiqatları ilə bağlı olmuşdur. İlyas müəllim həmişə deyərdi ki, arxeoloq gərək qazıntı görsün. Arxeoloq o zaman yaxşı tədqiqatçı olur ki, o bu elmin incəliklərini qazıntıda öyrənir, çöl şəraitində düşünməyi və görməyi bacarır. Abidə ilə bilavasitə təmasda olur. Həmçinin qazıntıdan əldə etdiklərini kabinet şəraitində, kitabxanada mütaliə etməklə təhlil etməyin nə dərəcədə vacib olduğunu qeyd edirdi.
İlyas Babayev ömrünün sonunadək iki beynəlxalq arxeoloji ekspedisiyanın rəhbəri olmuşdur. O, hər zaman göründüyü kimi sadə və təmkinli idi. İstər şöbə müdiri kimi Arxeologiya İnstitutunda, istərsə də ekspedisiya rəhbəri kimi arxeoloji qazıntıda. Hətta adi həyatda, məclis və tədbirlərdə də biz AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor İlyas Babayevi İlyas müəllim kimi tanıyıb və görmüşük. Rəhbəri olduğu beynəlxalq ekspedisiyaların digər ölkələrdən olan üzvləri də bu böyük insanı səmimiyyətinə, mehriban xasiyyətinə, rəvan və gülərüz münasibətinə görə sevirdilər. Bu səbəbdən tutduğu mövqedən asılı olmayaraq onu ilk dəfə görən insanlar belə bu şəxsiyyətə hörmət və sayğı ilə yanaşırdılar. Onun elmi təcrübəsindən təkcə yetirmələri yox, xarici arxeoloq həmkarları da faydalanırdılar. O hər kəslə ünsiyyət qurmağı bacarırdı. Sanki bütün insanların dilini bilir, onların xarakterini öncədən müəyyənləşdirirdi. Məsuliyyət, nizam-intizam və mehribanlıq İlyas müəllimin öz yetirmələrinə, ekspedisiya üzvlərinə, həmkarlarına, eyni zamanda sıravi işçilərə aşıladığı ən vacib xüsusiyyətlər idi. İlk baxışda hər kəsə sadə və anlaşıqlı olan bu ifadələrin arxasında hansı fəlsəfənin durduğunu biz İlyas müəllimdən öyrənirdik.
Çöl tədqiqatları nə qədər maraqlı olsa da, bir o qədər də çətin olur. Xüsusilə də ekspedisiyaya ilk dəfə qoşulan əməkdaşlar üçün. Lakin tədricən insan ekspedisiyaya uyğunlaşır. Komanda şəraitində işləməyə vərdiş edir. Burada ekspedisiya üzvlərinin də rolu böyükdür. Lakin işin və məsuliyyətin böyük hissəsi ekspedisiya rəisinin üzərinə düşür. İlyas müəllim nizam-intizamı və dəqiqliyi çox sevirdi. Zamanın və hər hansı bir işə ayırdığı vaxtın qədrini bilir, yüksək dəyərləndirirdi. Bəzən üzünü gənc yetirmələrinə tutub deyirdi ki, çayxanalarda və internet klublarda axşamadək vaxt itirən insanları, gəncləri başa düşə bilmir. İnsan gərək ona verilən ömür payından səmərəli istifadə etsin. İlyas müəllim sanki belə işlərlə məşğul olub vaxtımızı itirə biləcəyimizdən ehtiyat edirdi. Bizi vaxtımızın çox hissəsini elmə, dissertasiyamızın ərsəyə gəlməsinə, tədqiqatlara ayırmağa sövq edirdi. İşə ciddi və məsuliyyətli yanaşması ilə həmişə ekspedisiya üzvlərinə nümunə olmağa çalışırdı. Həmçinin, bunu digər üzvlərdən, xüsusilə yetirmələrindən tələb edirdi. Səmimi və təmkinli olmasına baxmayaraq, işdə bir o qədər tələbkar idi. Yaşının çox olmasına baxmayaraq, bütün günü qazıntının yanından çəkilməzdi, baxmayaraq ki, özündən başqa burada digər elmi işçilər də işləyirdi. Bütün diqqətini qazıntıya yönəldir, yeri gəldikcə göstərişlər verirdi. Təbəqə izlənilərkən tapıntıları şərh edir, gənc kadrlara izah edirdi. Heç vaxt tələsməzdi və bunun işin zərərinə olduğunu vurğulayırdı.
İlyas müəllimi bir alim kimi tanısam da, şəxsi tanışlığımız 2008-ci ildə olmuşdur. O zaman arxeoloq ixtisası üzrə aspiranturaya daxil olmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutuna müraciət etmişdim. Lakin müəyyən səbəblərə görə sənədlərimi burada qəbul etmədilər. Tale elə gətirdi ki, mən İnstitutda İlyas müəllimlə tanış oldum. Biz İlyas müəllimin rəhbəri olduğu şöbədə əyləşib xeyli söhbət etdik. O, mənə bildirdi ki, narahat olmayım. Sənədlərimlə tanış oldu. Məndə arxeologiya elminə olan marağı görüb çox sevindi. Hansı dövrü tədqiq etmək istədiyimi soruşdu. Antik və erkən orta əsrlər dövrü ilə məşqul olmaq istədiyimi bildirdim. Xahiş etdim ki, aspiranturaya daxil olaramsa, elmi rəhbərim olmağa razılıq versin. İlyas müəllim tərəddüd etmədən razılıq verdi və dedi: “Elmə savadlı kadr gələndə sevinirəm. Amma baxın haa, gərək işləyəsiniz. Arxeoloq olmaq asan iş deyil. Çöldə işləməyin çətinlikləri var. İsti, soyuq, yağış və s. bütün bunlara dözmək lazımdır. Birdə ki əgər elmə varlanmaq məqsədilə gəlmisinizsə, səhv edərsiniz. Elmdə pul yoxdur. Az pulla kifayətlənib, çox zəhmət çəkmək lazımdır. Gərək çoxlu mütaliə edəsiniz, çalışasınız öz üzərinizdə. Mən sizə bacardığım köməkliyi edəcəm, öyrədəcəm, istiqamət verəcəm. Təki siz bunu məndən istəyəsiniz. Tənbəl olub çalışmasanız mən sizə kömək edə bilməyəcəm. Siz gərək irəli gedəsiniz ki, mən sizə təkan verəm. Əks halda müsbət nəticə ola bilməz.” Mən İlyas müəllimi diqqətlə dinləyib onunla birgə işləmək istədiyimi bildirdim. Mənə məsləhət gördü ki, yubanmadan sənədlərimi Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edim. Muzeyin Arxeologiya elmi fond şöbəsində də aspiranturaya yer verilmişdi. Mən İlyas müəllimin tövsiyəsi ilə sənədlərimi Milli Azərbaycan Tarixi Muzeyinə təqdim etdim. Özü isə bu barədə muzeyin direktoru akademik Nailə xanım Vəlixanlıya bildirdi. Sənədlərimi qəbul etdilər və mən imtahanlardan uğurla keçərək 2008-ci ilin sonunda aspiranturaya daxil oldum.
Beləliklə, böyük alimlə birgə fəaliyyət göstərmək və elmin sirlərinə yiyələnmək mənim qismətim oldu. 2009-cu ildən 2017-ci ilədək fasiləsiz olaraq İlyas müəllimin rəhbərliyi ilə Qəbələ və Şəmkir beynəlxalq arxeoloji ekspedisiyalarının daimi üzvü kimi arxeoloji ekspedisiyalarda iştirak etdim. Mən İlyas müəllimdən çox şey öyrəndim. İlyas müəllim bu sahədə arxeoloqa lazım ola bilən ən əsas nüansları bizə, yetirmələrinə öyrədə bildi. Lakin müəllimimizdən eşitmək və bilmək istədiyimiz çox məsələlər var idi. Amma zaman sürətlə keçdi…
Arxeoloji ekspedisiyada ilk qazıntıya çıxdığımız günü yaxşı xatırlayıram. 2009-cu ilin iyun ayı idi. İlyas müəllim mənə dedi: “İlk gündən ya sən bu elmə vurulacaqsan, ya da birdəfəlik çıxıb gedəcəksən.” Mübarizliyim və İlyas müəllimin sayəsində mən bu elmin vurğunu oldum.
İlyas Babayev cəmiyyət, ümumbəşəri elm və dövlət qarşısında bir alim və vətəndaş kimi üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmiş, elmi fəaliyyəti ilə daim örnək olmuşdur.
Laçın Mustafayev,
Milli Azərbaycan Tarix Muzeyinin elmi işçisi