Bu ad mənim üçün o qədər doğmadır ki,…

   Böyük İnsan, Tanınmış Arxeoloq, Alim…

   İlyas müəllimi yaxından tanıyanlar, ağla qaranı yaxşı seçənlər, bu Böyük İnsanın kim olmasını yaxşı bilərlər…

   Biz ayrı-ayrı şöbələrdə işləsək də, hər işə gələndə İlyas müəllimi mütləq görməli idim. Elə bil ki, işləmək üçün ondan enerji alırdım. Çox qəribədir, son vaxtlar mən ona böyük qardaş kimi müraciət edirdim. Bu mənim içimdən gəlirdi. O da mənə balaca qardaş kimi münasibət bəsləyirdi. Son zamanlar tez-tez əsəbləşərdi. Mən yanına gedən kimi sakitləşərdi. Əsəbləşməyinin səbəbini heç kimə deməzdi. Ancaq, mənə müəyyən qədərini söyləyərdi. Məni ‘‘qubalı’’ deyə çağırardı. “Qubaya gedəndə səndən mütləq icazə almalıyam”, deyərdi. Bu zarafatlar sözlər Quba soyqırımı kütləvi məzarlığı ilə bağlı, uzun müddət Qubada işləməyimlə əlaqədar idi.

   Deyirlər ki, insanları səfərlərə çıxanda, qərib yerlərdə olanda yaxşı tanıyırsan. Mən də İlyas müəllimi ilk dəfə qərib ölkədə tanımışam. Mən, Moskvada, SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunda elmi stajirovkada idim. İndiyə kimi yadımdadır, 1985-ci ilin aprel ayının 25-i idi.  Elmi rəhbərim olan  Rauf Maqomedoviç Munçayev məni yanına çağırdı. Arxeologiya sahəsində öz dəsti-xətti ilə dünyada tanınmış arxeoloq Rauf Maqomedoviç, o vaxtlar institutun elmi işlər üzrə direktor müavini idi. Mən otağa girəndə Rauf müəllimin yanında orta yaşlı, üzündən nur yağan bir adamın oturduğunu gördüm. Rauf Maqomedoviç bizi tanış etdi. Tanış olduğum həmin şəxs İlyas Babayev idi. Rauf müəllim, İlyas müəllimin Moskvaya dissertasiya müdafiəsi ilə bağlı, 1-ci opponent kimi gəldiyini dedi. İlyas müəllimin opponenti olduğu şəxs isə, mənim Dağıstandan olan dostum Bahadur Maqomedov idi. Hər ikimiz eyni İnstitutda, ancaq ayrı-ayrı şöbələrdə elmi stajirovkada idik. Müdafiə ərəfəsində və müdafiədən sonra SSRİ Arxeologiya İnstitutunun bir çox əməkdaşının İlyas müəllimə necə böyük səmimiyyət və hörmətlə yanaşmalarının şahidi oldum. Rauf Maqomedoviçin İlyas müəllim haqqında mənə dediyi böyük sözləri də eşidəndən sonra, belə  böyük və hörmətli bir insanla, belə bir Azərbaycan alimi ilə tanış olduğuma görə sevinirdim. İlyas müəllimin necə deyərlər,əli də yüngül oldu, ayağı da, belə ki, cəmi iki ildən sonra, Bahadur həmin İnstitutun aspirantura şöbəsinin rəhbəri oldu. Müdafiədən sonra, İlyas müəllimin qaldığı, vaxtı ilə SSRİ Elmlər Akademiyasının məşhur mehmanxanası olan otelə getdik. Moskvanın mərkəzində, Qorki küçəsində yerləşən bu mehmanxananın məşhurluğundan əsər-əlamət belə qalmamışdı. Belə  ki, “lyuks” sayılan nömrədə  qalan İlyas müəllimin otağındakı, kranı qırılmış əl-üz yuyanı, bir ayağı qırılmış stol və otağı qızdırmaq üçün köhnə bir qızdırıcını (plitka) görəndən sonra təəccübləndim. Belə bir şəraiti İlyas müəllimə yaraşdırmadım. İlyas müəllimə göstərilən belə bir diqqətsizliyi Bahadura irad tutdum. Sən demə, İlyas müəllim üçün hər cür şərait yaradılıbmış. Amma, İlyas müəllim dissertasiya müdafiə edən Bahadura əziyyət verməmək üçün, xəbərsiz gəlmiş, SSRİ Elmlər Akademiyasının Lenin prospektindəki yeni mehmanxanasında yer tapmadığı üçün məcbur qalıb, burada yerləşmişdi. Halbuki, İlyas müəllim Bahadurla əlaqə saxlamaqla, özünə layiq yerdə qala bilərdi. Yerini dəyişmək üçün mənim də dediyim təklifə də, razılıq vermədi. “Bir günə görə niyə əziyyət verim. Onsuz da sabah gedirəm”, dedi. İlyas müəllim, bu cür ürəyə malik bir insan idi. O, heç bir aspirantın, dissertantın, doktorantın və rəhbərlik etdiyi şöbənin əməkdaşlarının artıq xərc çəkmələrinə imkan verməzdi.

İlyas müəllim, Böyük Alim, Böyük İnsan, Böyük Şəxsiyyət idi. Çox təəssüflə qeyd etmək istəyirəm ki, niyə çox hallarda bu cür Şəxsiyyətlərə Ölümündən sonra qiymət verirlər…Bəzi insanlar, xüsusilə də bəzi cavanlar, zaman-zaman İlyas müəllimin Kim olmasını biləcəklər…

Qəhrəman Ağayev,      

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 

aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru                                       

Leave a Reply