Adicə bir kənd uşağı idim. Ağlım kəsəndən sonra bilirdim ki,mənim bircə İlyas dayım var və o alimdir. Hər şeydən əvvəl o,olduqca gözəl xasiyyətli kristal bir insan idi.O,həmişə kəndə gələndə başına yığışardıq,onunla şirin-şirin söhbətlər edərdik. O,bizə məşqul olduğu elm sahəsindən – tarix elmindən, Çuxur Qəbələ kəndində apardığı qazıntı işlərindən, qədim Albaniya dövlətindən, keçmiş SSRİ-nin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində oxuduğu aspirantura illərindən danışardı.

Mənim elmə həvəsim, istəyim və bu yolu seçməyimdə İlyas dayımın böyük təsiri oldu və zaman elə gətirdi ki,mən də 80-cı illərdə, ali məktəbi bitirdikdən sonra Leninqrad şəhərində, o zamankı Ümumittifaq Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitunun məqsədli aspiranturasına daxil oldum.

Hər dəfə Leninqradda, Puşkin şəhərində gəzintiyə çıxanda fəxrlə düşünürdüm ki, İlyas dayım da vaxtilə bu küçələrlə addımlayıb, bu şəhərdə aspiranturanı bitirib, elmi dərəcəsi alıb.

Mən tamamilə fərqli bir elm sahəsini – kənd təsərrüfatını seçsəm də, elmin daşlı-kəsəkli yollarında addımladıqca bu qənaətə gəldim ki, İlyas dayım öz sahəsini olduqca gözəl bilən fanatik bir alimdir.

İlyas dayım uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakultəsində dərs deyibv. O zaman, yəni 1977-78-ci illərdə Bakı şəhərinin Yasamal məhəlləsində kirayədə qaldığım evin qonşuluğunda həmin institutun Tarix fakultəsindən 3 nəfər sonuncu kurs tələbələri yaşayırdılar. O zaman sonuncu kurs tələbələri xatirə dəftərləriu tərtib edərdilər. Onlar mənim İlyas müəllimin bacısı oğlu olduğumu bilmirdilər. Təsadüfən onlar mənə həmin dəftərləri göstərdilər. Mən hər üç tələbənindəftərində ən çox sevdiyim ideal müəllim sözlərinin qarşısında İlyas Babayevin adının yazıldığını gördüm.

Sonralar mən işimlə əlaqədar tez-tez Quba-Xaçmaz bölgəsinin müxtəlif kəndlərində olurdum və o illərdə tarix fakultəsini bitirmiş məzunlarla rastlaşırdım. Onların hər biri İlyas müəllim haqqında böyük fəxarətlə,ehtiramla danışanda qəlbimdən qürur hissi keçirdi.

Zamanın tələbi,ürəyinin istəyi ilə qarşıya qoyulmuş məqsədlərə görə bir kənddə, yaxud şəhərdə boya-başa çatmış oğlanlar, qızlar öz yurdunu, yuvasını qoyub başqa yerlərə köçürlər, başqa yerlərdə yaşayırlar. Onların bir qismi yurdunun, elinin, obasının ad-sanını qaldırır, məşhurlaşdırır, bir qismi isə yurdun adına xələl gətirir.

Bizim İlyas dayımız öz gözəl əməlləriylə, böyük insanlığı, fanatik alim olmağı, elmin zirvələrinə ucalmağı ilə təkcə boya-başa çatdığı Quba rayonundakı Xanəgah kəndinin yox, bütünlükdə şimal bölgəsinin və Azərbaycan adlı məmləkətimizin adını ucaldıb.

 

Bizim onunla fəxr etməyə haqqımız vardır.

Allah İlyas dayımıza rəhmət eləsin, qəbri nurla dolsun.

Mədət Qurbanov,

Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru.

Leave a Reply