Bu xatirənin yazılmasının maraqlı bir tarixçəsi var. Saytların birində İlyas müəllimin dəfn olunduğu kənddə keçirilmiş anım mərasimini əks etdirən bir şəkil qoyulmuşdu. Heç demə, Quba rayonunun Xanəgah kənd ümumi məktəbinin bir əlaçı şagirdinə alimin ömür yolundan bəhs edən saytın təsis etdiyi “İlyas Babayev təqaüdü” təqdim edilibmiş. Həmin mərasimdə iştirak edənlərin əksəriyyətini tanıyırdım. Öz-özümə dedim:  “Axı mən Faiqlə (İlyas müəllimin böyük oğlu) dostam, görəsən, niyə məni dəvət etməyib?”  Bu günlərdə kafedramızın əməkdaşı Dəyanət müəllim İlyas müəllimin oğlu Fuad Babayevin bir xahişini mənə çatdırdı. Görəsən,  Anar müəllim İlyas müəllimlə bağlı xatirə yazmaq istəyərmi? Dəyanət müəllimə dediklərim belə oldu:  “İlyas müəllimlə bağlı xatirələrim çoxdan hazırdır.  Sadəcə onu yazıya almaq lazımdır”.

İlyas müəllim elmlər doktoru, professor, AMEA-nın müxbir üzvi idi. Xarakterinə görə səmimi, yumşaq,  ancaq prinsipial idi. İxtisasca arxeoloq olsa da, tarixlə bağlı bildikləri çox, dünyagörüşü zəngin idi. Mütaliəsi adamı valeh edirdi. Heç kimin xətrinə dəymək istəmirdi. Rəhbərlik etdiyi doktorant və dissertantları ondan razılıq edirdilər. Çünki o, doktorantlarına həm rəhbər, həm də valideyn olurdu.

İlyas müəllim ali məktəbdə övladıma dərs deyirdi. Övladım deyirdi ki, mənə belə gəlir ki, İlyas müəllimin bilmədiyi şey yoxdur. Əslində müəllimin barometri tələbədir. Müəllimi tələbə daha yaxşı tanıyır. İlyas müəllimin imtahan götürməyi də ədalətli idi. Dərs dediyi tələbələr onu təmənnasız müəllim və ədalətli ziyalı kimi tanıyardılar. Əslində müəllim üçün  iki etalon var: təmənnasızlıq və ədalətlilik. Allah-təala İlyas  müəllimə hər ikisini nəsib etmişdi.

Mən İlyas müəllimi ilk əvvəllər oğlu Faiqə görə tanıyırdım. Faiq müəllimlə uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) üçün imtahan sualları hazırlamışıq. Bu məsul işdə Faiq müəllimi ədalətli bir insan kimi tanımışam. Faiq müəllim hər cür siyasətdən uzaq olan bir Azərbaycan ziyalısıdır. Bizim dostluğumuz həmin günlərdən başladı. Sonradan isə …

İlyas müəllimi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmər üzrə Ekspert Şurasının sədri təyin etdilər. Bu çətin, mürəkkəb və şərəfli işdə İlyas müəllimi yaxından tanıdım. İlyas müəllim sözün həqiqi mənasında əsl Azərbaycan ziyalısı idi. Hər bir işə münasibəti  ədalətli olurdu. Bəzən belə olurdu, deyərdi ki, elmi rəhbəri ilə münasibətim soyuqdur, amma bunun iddiaçıya heç bir dəxli yoxdur. Mümkün qədər bu işə səmimi yanaşaq. İki il ərzində İlyas müəllimdən çox şey öyrəndim. Əslində arxeologiyadan müdafiə etmiş olsa da, onun tarix sahəsindəki biliyi hamımızı heyrətə salırdı. Hətta xaricdən Azərbaycana gələn arxeoloqlar da İlyas müəllimlə işləməyə üstünlük verirdilər. Çünki arxeoloqların mülki tarixlə məşğul olanlardan bir fərqi var. Arxeoloji qazıntı yayın isti günlərində, çöldə, dağda, dərədə, səhralıqda aparılır. Gərək dözümlü olasan, arxeoloq həmkarlarınla yola gedəsən. Bir sözlə, çölçülüyün ola. İlyas müəllim bu sahədə də həmkarlarına nümunə idi.

İlyas müəllim Azərbaycanın dağ kəndlərinin birində dünyaya göz açmışdı, amma illər ötdü, o dağ kəndində öz uşaqlıq missiyasını başa vurdu, şəhərə gəldi, Bakı Dövlət Universitetinin tələbəsi oldu, oranı fərqlənmə ilə bitirdi, Moskvada aspirant oldu, elmlər namizədi, elmlər doktoru oldu, Akademiyanın müxbir üzvü seçildi, orta məktəb şagirdləri üçün dərsliklər yazdı, ali məktəb tələbələri üçün monoqrafiyalar çap etdirdi, təkcə Cənubi Qafqazda deyil, şöhrəti Müstəqil Dövlətlər Birliyinin sərhədlərini aşdı, haqqın dərgahına qovuşanda isə üzünü doğma kəndinə tutdu.

İlyas müəllim aramızda yoxdur, amma onun ziyalı xeyirxahlığı çətin ki, unudula…

                                                       

Anar İsgəndərov,

tarix elmləri doktoru, professor

Leave a Reply