Deyirlər ki, bu dünya bir pəncərədir. Hər birimiz ona doyunca baxır sonra isə çıxıb gedirik, ya razı, ya da narazı…
Amma həyatda elə insanlar var ki, onlar bu pəncərədən sadəcə baxıb getməyiblər. Özlərindən sonra silinməz izlər qoyublar, xeyirxah əməl sahibi, böyük məsləhətçi olublar . Belə insanlar xatirələrdə daim yaşayırlar.
Onlardan biri də düz bir il bundan əvvəl, 82 yaşında əbədiyyətə qovuşmuş İlyas Babayevdir. İlyas müəllim əbədiyyət dünyasına köç edərkən elmin ən yüksək zirvəsini fəth etmişdi – tarix elmləri doktoru professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü idi . Həyatda ən böyük qazancı isə “Böyük insan” olması idi.
İlyas müəllim həyatnın son anlarına qədər bir əlində bel, yorulmadan qazıntı işləri aparır, digər əlində isə qədim dövr tariximizin qaranlıq səhifələrini işıqlandırırdı.
İlyas Babayev nəinki rəhbərlik etdiyi şöbənin, eyni zamanda institutda olan digər şöbələrin əməkdaşları ilə çox mehriban, çox səmimi eyni zamanda xeyirxah məsləhətçi idi.
İlyas müəllimlə yaxınlığımızın ilk anı qəlbimdə daim yaşayır. XX əsrın 70-ci illərinin axırları idi. Tarix İnstitutunda laborant işləyirdim. Bir neçə ay idi ki, bir problemlə bağlı çox əsəbi anlar yaşayırdım. O qədər dəyişmişdim ki, bəzən güzgüyə baxanda özümü tanıya bilmirdim . Nahar fasiləsi idi. Dəhlizdə gəzirdim. Bu zaman hamımızın hörmət etdiyimiz İlyas müəllim mənə yaxınlaşdı. Onun sifətində xeyirxahlıq əlamətlərini gördüm. Görüşdük. Əhvalımın belə olmasının səbəbini soruşdu. Yorğun olduğumu bildirdim. O, isə bildirdi ki, düz demirsən. Mən düz bir həftəyə yaxındır ki, səni müşahidə edirəm, səbəbini de yəqin ki, köməyim olar.
Mən bu halımın səbəbini deyəndə İlyas müəllim bir addım geri çəkildi və çox diqqətlə məni süzdü. Daha sonra yaxınlaşaraq əlimdən tutdu, əllərinin hərarəti məni silkələdi. O an dediyi sözlər indi də qəlbimdədir:
– Maarif, hiss edirəm ki, çox həssas adamsan, eyni zamanda da özünə qarşı çox tələbkarsan. Biz bu həyatda həm xeyirxah, həm də paxıl insanların əhatəsində yaşayırıq. Xeyirxah insanlar çoxdur , onlarla yaxın , sirdaş olmaq lazımdır. Bədxahlar isə azdır. Onlardan uzaq olmaq, bizə olan mənfi münasibətlərinə fikir verməmək olar. Sən də belə et. Fikir vermə. Sonda mənim haqlı olduğumu görəcəksən.
Ayılarkən məndən xahiş etdi ki, köməyi dəyə biləcək istənilən hər bir məsələ ilə bağlı çəkinmədən onunla əlaqə saxlayım.
Məndən 15 yaş böyük olan İlyas müəllimin bu sözləri yaddaşıma yazıldı, sonrakı həyatıma bir işıq, nur saçdı. Mən o anlara qədər də xeyirxah insanların əməllərindən özümə nümunə götürürdüm. İlyas müəllimin bu məsləhəri bir daha mənə anlatdı ki, məhz belə olmaq, belə yaşamaq lazımdır.
İlyas müəllim bizim həqiqi dostumuz, məsləkdaşımız olub. Onunla son görüşüm 2016-cı il oktyabr ayının 2-də Əkbər müəllimin oğlunun toyunda oldu. Həmin dəqiqələrdə 80 yaşlı bu elm fədaisi yenə də gülərüz, yenə də səmimi idi. Sifətində böyük həyat eşqi, yaradıcılıq şüası var idi.
Sonda onu yazmaq istəyirəm ki, yaddaşıma işıqlı, nurlu, fədakar bir insan kimi əbədi həkk olunmuş İlyas Babayevin xatirəsini hər an əziz tutacaq, onu “Böyük insan”, “Böyük məsləhətçi” kimi xatırlayacağam!
Maarif Xalıqov,
tarix üzrə fəlsəfə doktoru